M1 magistralının 16-30-cu kilometrliyində təmir-bərpa işləri aparılır
Bakı, 1 oktyabr, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (“VAZ dairəsi”) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işlərinin aparılmasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülür və yeni yol əsası inşa edilir. Yeni yol əsasının inşasının aparıldığı ərazilərə hamarlayıcı lay asfalt-beton örtüyü döşənir. Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla yeni asfalt-betonla örtülür. Bundan başqa, magistralın təmir-bərpa işləri aparılan 14 kilometrlik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər sökülərək beton arakəsmələrlə əvəzlənəcək.
Vətəndaşların rahat gediş-gəlinin təmin olunması istiqamətində aparılan işlər zamanı Sumqayıtdan “VAZ dairəsi” istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tədbirlərinə sentyabrın 29-dan başlanılıb. Sürücülərə təmir-tikinti aparılan ərazilərdə sıxlıq yaşanmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Alternativ olaraq sürücülər Sumqayıt-Novxanı, Sumqayıt-Saray və Sumqayıt Dairəvi avtomobil yollarından istifadə edə bilərlər.
İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.