Macarıstan hökumətinin saytında Azərbaycan nümayəndə heyətinin səfəri barədə məlumat yerləşdirilib
Budapeşt, 29 aprel, AZƏRTAC
“Azərbaycanla ortaq keçmişimizin öyrənilməsi üzrə mədəni əməkdaşlıq genişlənir”. AZƏRTAC xəbər verir ki, Macarıstan hökumətinin rəsmi saytında mədəniyyət nazirinin müavini Vaqif Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfəri haqqında məlumat bu sərlövhə altında yerləşdirilib. (bax: https://www.kormany.hu/hu/emberi-eroforrasok-miniszteriuma/nemzetkozi-ugyekert-felelos-allamtitkarsag/hirek/kozos-multunk-tanulmanyozasara-is-kiterjesztjuk-kulturalis-egyuttmukodesunket-azerbajdzsannal).
Məlumatda Azərbaycan tərəfinin təşəbbüsü ilə mədəni əməkdaşlığın hazırkı vəziyyətinin müzakirəsini və Macarıstanın İnsan Resursları Nazirliyi ilə Azərbaycan Mədəniyyət Nazirliyi arasında əməkdaşlığa dair sazişin imzalanmasını nəzərdə tutan görüşdən bəhs olunur.
Macarıstanın nazirliyinin dövlət katibi Orşoy Paçay-Tomaşiç Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyevin də iştirak etdiyi görüşdə deyib: “Əminəm ki, imzalanmış sənəd təhsil və mədəniyyət sahələrində əməkdaşlığın uğurla həyata keçirilməsində böyük rol oynayacaq”.
Macar nazirin sözlərinə görə, 2019-cu il yanvarın 1-də yaradılmış Macarıstandakı tədqiqat institutunun əsas vəzifələrindən biri arxeologiya, linqvistika və arxeogenetika sahələrində türkdilli ölkələrin alimləri ilə əlaqələrin qurulması və macarların əcdadları barədə biliklərin genişləndirilməsidir. Hökumətin rəsmi saytında Macarıstanın dövlət nazirinin aşağıdakı sözləri yer alıb: “Azərbaycan bizim Şərqlə münasibətlərimizin inkişafında mühüm strateji tərəfdaşımızdır. Mədəni ənənələri və Azərbaycanda əsas dilin türk dili olmasını nəzərə alaraq əminliklə deyə bilərik ki, Azərbaycan və macar xalqlarını sıx əlaqələr birləşdirir”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt