Macarıstan mediası: ABŞ ilə əlaqələrin gücləndirilməsi regionda sabitliyə və rifaha töhfə verir
Budapeşt, 8 aprel, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Ceyms Devid Vensin Macarıstana səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin mühüm əlaməti olub və rəsmi Vaşinqtonun Avropa müttəfiqləri ilə dialoqda fəal iştirakını nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın index.hu saytında bildirilib.
Qeyd olunub ki, səfər zamanı amerikalı siyasətçi bu ölkənin Baş naziri Viktor Orban ilə danışıqlar aparıb, eləcə də tələbələr qarşısında çıxış edib və təhsil müəssisələri tərəfindən keçirilən tədbir də daxil olmaqla, ictimai müzakirələrdə iştirak edib. Təhlükəsizlik, iqtisadiyyat və enerji əməkdaşlığı məsələlərinə xüsusi diqqət yetirilib.
Vens iki ölkə arasında tərəfdaşlığın vacibliyini vurğulayıb və əsas istiqamətlər üzrə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib. Xüsusilə, söhbət yüksək texnologiyalı sənaye və müdafiə də daxil olmaqla birgə layihələrin inkişaf etdirilməsindən gedib.
ABŞ-nin vitse-prezidenti, həmçinin qeyd edib ki, ölkəsi Macarıstanı Avropada mühüm müttəfiq kimi görür və rəsmi Budapeştin beynəlxalq məsələlərə praqmatik yanaşmasını yüksək qiymətləndirir. Onun sözlərinə görə, ölkələr arasında əlaqələrin gücləndirilməsi bütün regionda sabitliyə və rifaha töhfə verir.
“Səfər son illərdə ən əhəmiyyətli yüksəksəviyyəli təmaslardan biri olub və tərəflərin strateji dialoqun dərinləşdirilməsində və iqtisadi əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağını təsdiqləyib, - deyə məlumatda vurğulanıb.