Macarıstanla əlaqələrin inkişafı ölkəmizin dünya siyasi arenasında dəstək alması üçün xüsusi imkanlar yaradır
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan və Macarıstan arasında iqtisadi-siyasi münasibətlər daha da genişlənməkdədir. Aİ ölkələrinin üzvü kimi Macarıstan, o cümlədən digər Avropa ölkələri ilə Azərbaycan arasında münasibətlərin inkişafı ölkəmiz üçün gələcəkdə siyasi-iqtisadi dividendlər əldə etmək üçün əvəzsiz investisiyadır. Macarıstan da bu ölkələrdən biri kimi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Həmçinin Macarıstanla müxtəlif platformalarda- BMT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq davam edir.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Hüseyn bildirib. O qeyd edib ki, diplomatik münasibətlərin başladığı dövrdən hər iki ölkə arasında 50-dən çox müqavilə imzalanıb və gələcək iqtisadi münasibətlərin konturları çəkilib.
Onun sözlərinə görə, ticarət əlaqələrinin genişləndirilməsi hər iki ölkə sahibkarlarının maraqlarını nəzərə almaqla bir çox sənədlər və müqavilələr hazırlanıb və gələcək ticarət imkanlarının perspektivləri istiqamətində mühüm qanunlar qəbul edilib. Bu qanunlara misal olaraq Azərbaycan və Macarıstan arasında 2017-ci ilin dekabrın 7-də qəbul edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi ilə barədə Azərbaycan Respublikasının Qanununu göstərmək olar. Belə ki, hər iki ölkə arasında yükdaşıma, o cümlədən sərnişindaşıma ilə bağlı müddəaların yer alması ticarət dövriyyəsinin daha da inkişaf etdirilməsi üçün xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bunun məntiqi nəticəsi kimi son dövrlər hər iki ölkə arasında ticarət dövriyyəsində əvvəlki illərlə müqayisədə kəskin artım müşahidə edilməkdədir. Ümumilikdə Azərbaycanın kənd təsərrüfatı məhsullarını Avropa ölkələrinə çıxarmasına böyük ehtiyac var.
Ekspert əlavə edib ki, hazırda Azərbaycan əsasən kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac edir. Bu da istər-istəməz ölkəmizin bir bazardan asılılığına səbəb olur. Lakin Aİ standartları və həmçinin digər tələblər yerli sahibkarlar tərəfindən yaxşı mənimsənilmədiyindən Azərbaycan kənd təsərrüfatı məhsullarını Aİ ölkələrinə ixracı üçün həm Macarıstan və eləcə də digər Şərqi Avropa ölkələrinə ixrac etmək və bu istiqamətlərdə imkanları araşdırmaq üçün qarşılıqlı təcrübə mübadiləsi aparmaq vacibdir. Kənd təsərrüfatı məhsullarının Avropa ölkələrinə ixracı ölkəmizin bir bazardan asılılıq problemlərini gələcəkdə həll etmiş olacaq.
R.Hüseyn bildirib ki, iqtisadi tərəfdaş kimi, dərman preparatlarının, əczaçılıq vasitələrinin, o cümlədən digər sənaye məhsullarının idxalı istiqamətində ticarət əlaqələri genişləndirilməlidir. Sözsüz ki, geniş iqtisadi əlaqələr sağlam siyasi dəstəyin təməlidir. Aİ ölkəsi kimi Macarıstanla əlaqələrin inkişafı ölkəmizin dünya siyasi arenasında, xüsusilə Qarabağ mövzusunda dəstək alması üçün xüsusi əhəmiyyət kəsb edir.