MAESTRO YO YO MA ŞƏKİYƏ DƏVƏT OLUNMUŞDUR
Bu tanınmış musiqiçilərin birgə yaradıcılığının başlıca məqsədi Qərb dinləyicilərini Şərq mədəniyyəti və musiqi ənənələri ilə tanış etmək olan nadir “İpək yolu” layihəsi ilə bağlıdır. Firəngiz xanımın “Habilsayağı” və “Dərviş” əsərləri həmişə böyük maraq doğurmuşdur. Şərqin öz böyük şairlərinin poeziyasından ilham alan zəngin musiqi irsi Firəngiz xanımın əsərlərinə dərin məna verir. Firəngiz Əlizadənin son illər yaşayıb-yaratdığı Almaniyada dərc olunmuş məqalələrin birində onu XXI əsrin Şəhrizadı adlandırmışlar. Bu, təsadüfi deyildir: axı, o, öz əsərlərində çoxəsrlik Şərq müdrikliyi, fəlsəfəsi ilə Qərbin müasir musiqi ənənələrini vəhdət halında birləşdirməyə nail olmuşdur.
Yo Yo Manın rəhbərlik etdiyi kollektivlə “İpək yolu” layihəsi çərçivəsində səmərəli əməkdaşlığı Firəngiz Əlizadədə maraqlı bir fikir doğurmuşdur. O, “İpək yolu” festivalını vaxtilə elə həmin Böyük Yolun üstündə yerləşən Şəki şəhərində keçirməyi təklif etmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov ideyanı dəstəkləyərək, maestroya məktubla müraciət etmişdir. Məktubda deyilir: “Sizin Şərq və Qərb mədəniyyətlərinin, mənəvi dəyərlərinin yaxınlaşmasına böyük töhfənizi yüksək qiymətləndirərək, Şərq mənəvi dəyərlərinin geniş yayılmasında böyük rol oynayan “İpək yolu” beynəlxalq mədəniyyət layihəsinin ideya müəllifi və yaradıcısı olduğunuzu nəzərə alaraq, sizi və başçılıq etdiyiniz kollektivi qədim Şəki şəhərinə dəvət edirik. Bu, təkcə Azərbaycanın deyil, bütün Şərqin mədəni həyatında böyük hadisə olardı”.
Dəvət böyük ruh yüksəkliyi ilə qarşılanmış və Yo Yo Ma Bakı Musiqi Akademiyasındakı çıxışından dərhal sonra keçirilən mətbuat konfransında bildirmişdir ki, imkan düşən kimi mütləq Şəkiyə gedəcəkdir.
Çox güman, gələcəkdə zəngin musiqi ənənələrimizi Qərbin musiqi sərraflarına çatdırmağa, habelə həm Azərbaycanı, həm də Azərbaycan musiqisini, bəstəkarlarımızı və musiqiçilərimizi məşhurlaşdırmağa kömək edəcək əlamətdar bir hadisənin – qədim şəhərlərimizdən birində bu gözəl festivalın keçirilməsinin şahidi olacağıq.