Magistraturaya xüsusi qabiliyyət tələb edən imtahanlar üzrə qeydiyyat başlanıb
Bakı, 3 iyul, AZƏRTAC
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin musiqi sənəti, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatı iyulun 3-dən başlayıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 68 (Musiqi sənəti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti) və 70 (Təsviri sənət) saylı proqramlar üzrə qeydiyyat iyulun 8-i saat 15:00-dək aparılacaq.
Qeydiyyatdan keçən bakalavrlar iyulun 10-dan etibarən DİM-in internet saytına daxil olaraq bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edə biləcəklər.
Yekun balı eyni olan iki və ya daha çox bakalavrı fərqləndirmək üçün ardıcıllıqla magistraturaya qəbul imtahanında topladıqları bal, ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG), ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladıqları bal və xarici dil üzrə test nəticələri nəzərə alınacaq.
Bakalavrlar qabiliyyət imtahanına şəxsiyyətini təsdiq edən sənədi, imtahana buraxılış vərəqəsini, həmçinin musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə proqram formasını təqdim etməlidirlər.
Tələb edilən sənədlərdən hər hansı biri olmayan və ya sənədlərində uyğunsuzluq aşkarlanan bakalavrlar imtahana buraxılmayacaqlar.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları barədə ətraflı məlumat “Abituriyent” jurnalının 2026-cı il xüsusi buraxılışlarında yer alıb.