Mahir Məmmədov: Maqnus Karlsenin Şəmkir turnirində iştirakı şahmat həvəskarlarının böyük marağına səbəb olacaq
Şəmkir, 30 mart, Səxavət Quliyev, AZƏRTAC
Sevindirici haldır ki, artıq altıncı “Shamkir Chess” turnirinin açılışına hazırlaşırıq. Bu turnirin təşkili gözəl ənənəyə çevrilib. Ən mühüm məqam turnirin Azərbaycanın gözəl guşələrindən birində - Şəmkirdə keçirilməsidir. Bundan başqa, turnirdə dünyanın ən nüfuzlu şahmatçılarının iştirak etmələri onun əhəmiyyətini daha da artırır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi “Shamkir Chess 2019” beynəlxalq superturnirinin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Dünya çempionu Maqnus Karlsenin dördüncü dəfə bu turnirdə iştirak etdiyini xatırladan M.Məmmədov deyib: “M.Karlsenin Şəmkirə gəlməsi şahmat həvəskarları arasında turnirə marağı daha da artıracaq. Şahmat aləmində XXII kateqoriya ən yüksək dərəcədir. İnanıram ki, turnirdə heç-heçələr az, maraqlı partiyalar çox olacaq. Azərbaycanlı şahmatçılardan birinin bu turnirin qalibi adını qazanacağına ümid edirəm”.
FIDE-nin yeni rəhbərliyinin şahmatla bağlı qərarları barədə məlumat verən M.Məmmədov bildirib: “Sofiya sistemində 30-cu və ya 40-cı gedişə qədər şahmatçıların bir-birinə heç-heçə təklif etməməsi nəzərdə tutulur. Hazırda bu yeniliklər müzakirə edilir. İstəyirik ki, heç-heçə sövdələşmələri şahmat taxtasından götürülsün. Ola bilsin ki, növbəti turnirdə biz bu sistemi tətbiq edəcəyik”.