Makronun niyyəti - Fransada yaşayan ermənilərin təsiri altında onlara dayaq olmaq
Bakı, 10 yanvar, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron bu ölkədə yaşayan erməni icmasının təsiri altındadır. Makron Fransada yaşayan ermənilərin imkanı və təsiri altında onlara dayaq olmaq istəyir. Bizə qarşı atılan bütün addımlar puç oldu və belə də davam edəcək, onlar hər zaman məğlub olacaqlar. Bu, birmənalıdır. Azərbaycanın gücü, nüfuzu gündən-günə artır, səsi eşidilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev söyləyib.
Onun sözlərinə görə, Azərbaycan otuz ildir Fransanı, Minsk qrupunun digər üzvlərini, eləcə də dünyanın digər ölkələrini ermənilərin bizim torpaqlarımızda törətdiyi vəhşilikləri görməyə dəvət edirdi. Bütün dünya otuz ildir ermənilərin vəhşiliklərinə susurdu, göz yumurdu. İndi də Fransa və bir sıra digər ölkələr Laçın dəhlizi məsələsi ilə bağlı təşvişə düşüblər. Bu, ikili standartların növbəti təzahürüdür.
“Azərbaycan kimin dost, kimin düşmən olduğunu yaxşı bilir. Biz bunu 44 günlük Vətən müharibəsində qardaş Türkiyə, Pakistan, İsrail və bir sıra digər ölkələrdən bizə göstərilən dəstəklə gördük. Bu da Prezident İlham Əliyevin atdığı qətiyyətli addımların nəticəsidir. Azərbaycanın xarici siyasətinin uğurları bilavasitə dövlətimizin başçısının gördüyü işlərə, onun artan nüfuzuna bağlıdır”, - deyə Rüfət Quliyev vurğulayıb.