Malıbəyli və Quşçular faciəsindən 34 il ötür… Qanlı gecənin şahidləri danışır
Xocalı, 11 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Erməni hərbçilərin XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərdən biri Malıbəyli və Quşçular faciəsidir. 1992-ci il fevralın 11-də Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, çoxlu sayda dinc azərbaycanlı qətlə yetirilib.
Fevralın soyuq və şaxtalı günlərində həyata keçirilən bu qırğın Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış ən dəhşətli hadisələrdən biri kimi yadda qalıb. Düşmən silahlılarının dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər təkcə kəndlərin işğalı deyil, bütöv bir nəslin yaddaşında silinməz izlər qoyan mənəvi soyqırımı idi. Erməni hərbçiləri 366-cı alayın ağır texnikası ilə mühasirəyə aldıqları kəndləri amansız atəşə tutaraq, dinc insanları, qocaları və uşaqları qarlı dağ yollarında ölümün ağuşuna itələmişdilər. Həmin qanlı gecədə öz doğma ocaqlarını tərk edə bilməyən köməksiz insanlar girov götürülərək işgəncələrə məruz qalmış, onların bir çoxunun taleyi isə onilliklər keçməsinə baxmayaraq, hələ də qaranlıq qalmışdır. Bu faciə Azərbaycan xalqının tarixinə ən ağır itkilərdən biri, insanlığa qarşı törədilmiş unudulmaz cinayət kimi həkk olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Malıbəyli və Quşçular kəndlərinin bir qrup sakini doğma kəndlərinə gedərək, 34 il əvvəl qətlə yetirilmiş həmkəndlilərinin xatirələrini yad edib, ruhlarına dualar oxuyublar.
“Kəndimiz dörd il mübarizə apardı”
Kənd sakinləri əvvəlcə Malıbəyli kəndində şəhidlərin xatirə lövhəsini ziyarət ediblər. Malıbəyli kənd sakini Şahlar Mehdiyev 34 il əvvəl baş verən hadisələrdən danışaraq deyib: “Kəndimiz düşmənə qarşı dörd il mübarizə apardı. 1992-ci ildə vəziyyət daha da çətinləşdi. Fevralın 9-da ermənilər Xankəndi istiqamətindən hücuma başladılar. Qadınları, uşaqları, qocaları Quşçular kəndinə apardıq. Ayın 10-da Rafiq, Nazim, Haqverdi şəhid oldular. Axşam daha 3 şəhidimiz oldu. Xocalıya məlumat verdik ki, bizə kömək gəlsin. Əvvəlcə camaatı Xocalıya çıxartmaq istəyirdik. Lakin gördük ki, erməni hərbçilərin texnikaları Xocalı istiqamətində yığılıb. Başa düşdük ki, kəndin əhalisini qırmaq istəyirlər. Belə olduqda biz Kətik meşəsi istiqaməti ilə Ağdamın Gülablı kəndinə yola düşdük. Qarlı, şaxtalı gündə çox çətinliklə camaatı Ağdama apara bildik”.
Şahlar Mehdiyevin xatirələri o müdhiş günlərin dəhşətini, insanların qarşılaşdığı amansız sınaqları bir daha göz önündə canlandırır. Sakinlər xatirə lövhəsi önündə qəhrəman həmkəndlilərinin adlarını ehtiramla anaraq, bu qanlı tarixin heç vaxt unudulmayacağını vurğulayıblar.

“Şəhidlərimizi güllə altında dəfn etdik”
Daha sonra sakinlər Quşçular kəndindəki şəhidlik ərazisini ziyarət ediblər. Quşçular kənd sakini Sahib Musayev bu gün kəndə gəlməyin onlar üçün həm ağrılı, həm də qürurverici olduğunu bildirib: “Bu gün biz 34 il əvvəlki şəhidlərimizi anmaq üçün kəndimizə ziyarətə gəlmişik. 1992-ci il fevralın 11-i kəndimiz üçün çox çətin gün idi. Fevralın 10-dan 11-nə keçən gecə Aşağı Quşçular kəndi Malıbəyli kənd sakinlərini qəbul etmişdi. Erməni silahlı birləşmələri 366-cı alayın hərbi texnikasından istifadə etməklə kəndi intensiv atəşə tuturdu. Gülləmiz bitir, düşmən isə hər tərəfdən hücumu davam etdirirdi. Şəhidlərimizi güllə altında dəfn edib, fevralın 11-də səhər saat 11 radələrində kəndi tərk etməli olduq. Yeganə çıxış yolu çətin olsa da, Ağdamın Abdal-Gülablı kəndi istiqaməti idi. Atəş altında dağ-dərə ilə, qarlı yollarla hərəkət etdik. Yolda bir neçə nəfər həlak oldu. Axşam Abdal-Gülablıya çatdıq. Çıxarılması mümkün olmayan qocalar kənddə qaldılar və girov götürüldülər. Bu günə qədər onlardan heç bir xəbər yoxdur. Həmin gün Gündüzün, Əli dayının cənazələri Kətik dağında qaldı. Bu gün kəndimizi və şəhidlərimizi ziyarət edə bildiyimiz üçün şükür edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

İllər sonra doğma torpağa ayaq basan bu insanların gözlərindəki kədər, həm də ədalətin bərpasından doğan böyük bir təsəlli ilə əvəzlənmişdi. Onlar 34 il əvvəl tərk etmək məcburiyyətində qaldıqları bu torpaqlarda indi başlarını dik tutaraq gəzir, hər bir daşın, hər bir ağacın dilində olan o acı xatirələri Qələbə qüruru ilə anırlar. Şəhidlərin qanı ilə suvarılmış bu yurd yerlərində artıq düşmən tapdağının izləri silinir, yerini isə əbədi sülhün və dirçəlişin sədaları tutur. Sakinlərin hər bir duası həm itirilmiş canlara olan bir ehtiram, həm də gələcək nəsillərə ötürülən unudulmaz bir vətənpərvərlik dərsi idi. Bu ziyarət bir daha təsdiq etdi ki, zaman keçsə də, nə xalqın yaddaşı zəifləyir, nə də Vətən torpağı öz sahiblərini unudur.
Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bu ərazilər separatçılardan təmizlənib. 2023-cü il dekabrın 5-də Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri Şuşa rayonunun tabeliyindən Xocalı rayonunun tabeliyinə verilib.