Pediatr: Antibiotiklərdən və digər dərmanlardan özbaşına istifadə uşaqların sağlamlığı üçün təhlükəlidir
Bakı, 11 fevral, Günel Türksoy, AZƏRTAC
Virus infeksiyası zamanı ilk növbədə, uşağa rahat və sakit istirahət şəraiti yaradılmalıdır. Uşaq kifayət qədər yatmalı, fiziki və zehni yüklənmədən uzaq saxlanmalıdır. Otağın havası təmiz olmalı, gündə bir neçə dəfə havalandırılmalıdır. Xəstəlik dövründə uşağın orqanizmi çox maye itirdiyi üçün bol maye qəbulu xüsusilə vacibdir. Uşağa tez-tez az miqdarda su, kompot, ilıq çay və şorba verilməsi tövsiyə olunur. Ana südü mütləq davam etdirilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Səhiyyə Nazirliyi K. Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova açıqlayıb.
Onun sözlərinə görə, qidalanma yüngül və asan həzm olunan olmalıdır: “Uşağı zorla yedirtmək olmaz. Yağlı, qızardılmış və ağır yeməklərdən uzaq durmaq, ev şəraitində hazırlanmış sadə yeməklərə üstünlük vermək məsləhətdir. Bundan əlavə, gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Uşağın əlləri tez-tez yuyulmalı, onun şəxsi dəsmalı və qab-qacağı ayrılmalıdır. Bu, virusun ailənin digər üzvlərinə keçməsinin qarşısını alır. Dərmanlar yalnız həkim məsləhəti ilə verilməlidir. Özbaşına antibiotik və digər dərmanların istifadəsi uşağın sağlamlığı üçün təhlükəlidir və ağır fəsadlara səbəb ola bilər”.
Səbinə Cəfərova bildirib ki, əgər uşağın qızdırması 3 gündən artıq davam edirsə, davamlı qusma, səpgi və ya həddindən artıq halsızlıq müşahidə olunursa, həkimə müraciət etmək lazımdır.