“Maliyyə savadlılığı” mövzusunda vəkillər üçün təlim keçirilib
Bakı, 29 dekabr, AZƏRTAC
Vəkillər Kollegiyası və Mərkəzi Bankının birgə təşkilatçılığı ilə vəkillər üçün “Maliyyə savadlılığı” mövzusunda növbəti təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, birinci təlimin ilk hissəsində “Əmanətlərin sığortalanması” mövzusu üzrə Əmanətlərin Sığortalanması Fondunun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi, hüquqşünaslar Misirə Xəlilzadə və Toğrul Surxaylı, təlimin ikinci hissəsində isə “Kapital bazarları / Qiymətli kağızlar” mövzusu üzrə Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti Siyasət və bazarın inkişafı şöbəsinin aparıcı analitiki Nağı Nağıyev təlimçi qismində iştirak edib.
İkinci təlimin ilk hissəsində “Milli pul nişanları və onların saxtalaşdırılmasına qarşı mübarizə, zədələnmiş pulların dəyişdirilməsi qaydaları” mövzusu üzrə Mərkəzi Bankın Pul nişanlarının ekspertizası və saxtalaşdırılmasına qarşı mübarizə şöbəsinin rəisi Nəsib Pənahlı, təlimin ikinci hissəsində “Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri” mövzusu üzrə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsinin böyük mütəxəssisi Xəyalə Məmmədova təlimçi qismində iştirak edib.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan təlimin yekununda suallar səsləndirilib, doğru cavab verən vəkillər mükafatlandırılıb.
Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 22 üzvü iştirak edib.