Maltada Zəfər Gününün 5-ci ildönümü münasibətilə tədbir keçirilib VİDEO
Stokholm, 28 oktyabr, Nərgiz Cəfərli, АZƏRTAC
Maltanın paytaxtı Valletta şəhərində yerləşən “Palazzo de La Salle” sarayında Azərbaycanın İkinci Qarabağ müharibəsində Zəfərinin 5-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Maltada yaşayan azərbaycanlıların Koordinasiya Şurası tərəfindən, Malta İncəsənət Cəmiyyəti ilə əməkdaşlıq şəklində və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.
Gecədə ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan icmasının üzvləri və çoxsaylı yerli qonaqlar iştirak ediblər. Qonaqlar arasında Malta Respublikasının Azərbaycandakı, Ukraynadakı və Qazaxıstandakı səfiri Con Debono, Azərbaycanın Maltadakı fəxri konsulu Dr. Kris Balzan, eləcə də Malta, Türkiyə, Rumıniya, Bolqarıstan, Özbəkistan, Polşa, İtaliya və İspaniyadan olan diaspor nümayəndələri yer alıblar.
Tədbirin açılışında çıxış edən Aysel Ramiz qızı Şkembri qeyd edib ki, Zəfər Günü Azərbaycanın müasir tarixində ən önəmli mərhələlərdən birini — İkinci Qarabağ müharibəsində qazanılmış Qələbəni və Azərbaycan xalqı üçün böyük tarixi və mədəni əhəmiyyətə malik olan Şuşa şəhərinin azad edilməsini əks etdirir. Daha sonra tədbir iştirakçıları Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin müqəddəs xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycan Respublikasının Maltadakı fəxri konsulu Dr. Kris Balzan çıxış edərək vurğulayıb ki, Zəfər Günü Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3 dekabr 2020-ci il tarixində imzalanmış Sərəncamla təsis edilib və hər il 8 noyabr tarixində qeyd olunur. O, bu günün Azərbaycanın ərazi bütövlüyünün bərpasını və milli qürurun yenidən dirçəlişini simvolizə etdiyini qeyd edib.
Tədbir dostluq və harmoniya ruhunu əks etdirən rəngarəng musiqi proqramı ilə davam edib.
İlk dəfə olaraq maltalı və azərbaycanlı musiqiçilər eyni səhnədə birgə çıxış ediblər. Bu, iki xalq arasında bədii əməkdaşlığın və mədəni birliyin tarixi anı kimi qiymətləndirilib.
Proqramda İsveçdən gələn pianoçu Aynur Məlikova və tenor Sinan Xəlili, Azərbaycandan gələn tarzən Səxavət Məmmədov, eləcə də maltalı folklor musiqiçisi və multiinstrumentalist Françesko Sultananın ifasında Azərbaycan və Avropa klassik musiqisinin inciləri səsləndirilib. Onların arasında Vasif Adıgözəlovun “Qərənfil”, Həsən Rzayevin “Cahargah Rapsodiyası”, Səid Rüstəmovun “Oxu, tar”, Rauf Hacıyevin “Azərbaycan” əsərləri və xalq mahnısı “Sarı gəlin” yer alıb.