Mans Zelmerlov: Bakıya gəlməyi səbirsizliklə gözləyirəm
Vyana, 22 may, AZƏRTAC
Bakı çox gözəl şəhərdir. 2012-ci ildə ölkənizin ev sahibliyi etdiyi “Eurovision” mahnı müsabiqəsini xarici telekanallar vasitəsilə izlədim. Bakıya gəlməyi səbirsizliklə gözləyirəm.
Bu sözləri İsveçin “Eurovision-2015” mahnı müsabiqəsində təmsilçisi, builki yarışmanın əsas favoritlərindən olan Mans Zelmerlov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Azərbaycanın müsabiqəyə uğurla ev sahibliyi etməsini vurğulayan Mans Zelmerlov musiqinin dünyanı dəyişə biləcək qüdrətinə inandığını söyləyib. İsveç təmsilçisi şou göstərməkdən, gözəl performans nümayiş etdirməkdən zövq aldığını və hər kəsin könlünü oxşamaq istədiyini vurğulayıb.
Yarışmanın final mərhələsinə vəsiqə qazandığı üçün çox sevindiyini bildirən Mans Zelmerlov qalib gələcəyinə və gələn il bu müsabiqənin İsveçdə keçiriləcəyinə inanır. “Belə çətin seçim turundan sonra “Eurovision-2015” mahnı müsabiqəsində ölkəmi layiqincə təmsil etməyə çalışacağam. Bu səhnədə olmaq möhtəşəm bir hissdir. Azərbaycan təmsilçisi Elnur Hüseynova da uğurlar diləyirəm. Onun ifasını dinlədim. Bir yerdə xeyriyyə aksiyası keçirməyi düşünürük. Onun performansı və ifaçılıq məharəti çox güclüdür. Təmsilçinizin də müsabiqədə layiqli yeri tutacağına inanıram”, - deyə Mans Zelmerlov qeyd edib.
Repertuarında pop, rok janrında əsərlərə üstünlük verən isveçli təmsilçi “Melodifestivalen” müsabiqəsində uğurlu nəticə göstərib.
Mans Zelmerlov “Wiener Stadthalle” arenasında “Hereos” (“Qəhrəmanlar”) mahnısı ilə çıxış edəcək. Elektronik təsirlərin güclü olduğu mahnı müğənninin həm də işıq üzü gördüyü yeni albomunun adını daşıyır.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana