Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir
Masallı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Qanlı Yanvar gecəsində şəhid olmuş İsbəndiyar Zülalovun adını daşıyan Masallı rayonunun İsgəndərli kənd tam orta məktəbində faciənin 22-ci ildönümünə həsr edilmiş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Toplantıda çıxış edənlər Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” kimi daxil olmuş hadisələrdən danışmış, milli azadlıq yolunda canlarından keçmiş Vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını vurğulamışlar.
Qeyd olunmuşdur ki, xalqımızın həmin ağır günlərində ümummilli lider Heydər Əliyev çətin şəraitdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək kəskin bəyanatla çıxış etmiş, qanlı hadisələri pisləmiş, buna qəti etirazını bildirmişdir.
Ulu öndər 1991-ci ildə Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışarkən bu faciəyə hüquqi-siyasi qiymət verilmişdir. Məhz onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il noyabrın 21-də yanvarın 20-sinin hüzn günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilmiş, qanlı cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanmışdır.
Mərasimdə çıxış edənlər 20 Yanvar şəhidlərinin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişlər. Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin həm bütün dünya azərbaycanlılarında, həm də ölkəmizin hər bir vətəndaşında böyük qürur hissi doğurduğu vurğulanmışdır.
Tədbirin sonunda məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.