Masallıda “Xocalı soyqırımı XX əsrin ən böyük faciəsidir” mövzusunda tədbir keçirilmişdir
Masallı, 11 fevral (AZƏRTAC). Masallı şəhərindəki 4 nömrəli orta məktəbdə “Xocalı soyqırımı XX əsrin ən böyük faciəsidir” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərasimdə çıxış edənlər bildirmişlər ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı kimi daxil olmuşdur. Həmin müdhiş gecədə Ermənistan quldur birləşmələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər.
Bu hərbi təcavüz nəticəsində Xocalı darmadağın edilmiş, dinc sakinlərə amansız divan tutulmuşdur.
Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür.
Bildirilmişdir ki, XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş bu kütləvi qırğın təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir.
Tədbirin sonunda məktəblilər Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.