MƏDƏNİYYƏT
“Maslenitsa bayramını Sankt-Peterburqla birlikdə qeyd edirik” layihəsi təntənəli konsertlə başa çatıb
Bakı, 6 mart, AZƏRTAC
Rusiyanın Azərbaycandakı səfirliyinin, Bakıdakı Rus Evinin və Azərbaycan Dillər Universitetinin “Rusiyaşünaslıq Mərkəzi”nin dəstəyi ilə Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi tərəfindən təşkil edilmiş “Maslenitsa bayramını Sankt-Peterburqla birlikdə qeyd edirik” layihəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası yanında Opera Studiyasının səhnəsində “Moroşko” Mahnı və Rəqs Teatrının təntənəli konserti ilə başa çatıb.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Teatrın nümayəndələri konsert proqramı ilə yanaşı, rəqs və musiqi alətlərində ifa üzrə məşğələlər və ustad dərsləri keçiriblər.
Yaradıcı kollektivin məxsusi olaraq Azərbaycanda çıxış üçün hazırladığı milli nömrə etnik kostyumlarda təqdim edilib. Bakılı tamaşaçılar, o cümlədən bir sıra ölkələrin diplomatik korpusunun, mədəniyyət cəmiyyətinin, biznes qurumlarının, ruhanilərin, həmvətənlər icmalarının nümayəndələri Sankt-Peterburqdan olan kollektivin ifasında rus mahnı və xalqlarını böyük maraqla qarsalayıblar.
Xatırladaq ki, Sankt-Peterburq nümayəndələri iki gün ərzində etnoqrafiyaya dair mühazirələr oxuyub, qorodki idmanı üzrə yarışlar təşkil edib, ustad dərsləri keçiblər.
Layihə çərçivəsində Sankt-Peterburq “Ustadlar Akademiyası”nın pedaqoqu Yelena Leonova Bakıdakı Rus Evində dekorativ-tətbiqi sənət üzrə ustad dərsi keçib. Rusiyalı həmvətənlər və bu sahəyə marağı olan tamaşaçılar Rusiyadan gəlmiş pedaqoqla birlikdə Maslenitsa bayramının rəmzlərinə aid rəsmlər çəkiblər. Tədbirdə Azərbaycan Rus Gənclər Assosiasiyasının, “Yaşlek” Tatar Gənclər Mərkəzinin, mədəni cəmiyyətin, həmvətənlər icmalarının nümayəndələri iştirak ediblər.