DÜNYA
Mayorkada daşqınlar nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
İspaniyanın Mayorka adasında dağıdıcı daşqınlar nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində daha 9 nəfər itkin düşmüş sayılır. Daşqın qurbanları arasında britaniyalı turistlərin də olduğu bildirilir.
Yerli KİV-lərin məlumatına görə, Mayorka oktyabrın 9-da başlayan leysan yağışların səbəb olduğu güclü daşqınların təsirinə məruz qalıb. Ada əhalisi təhlükəsiz rayonlara təxliyə edilir. Yüzlərlə sakin sığınacaqlara yerləşdirilib. Mağazalar, məktəblər bağlanıb. Küçələrə dolmuş sel evləri və yolları dağıdır. On üç yolda hərəkət dayandırılıb.
Təbii fəlakət rayonuna kinoloqlar və helikopterlər göndərilib. Hadisə yerində hazırda 100-dən çox xilasedici işləyir.
İspaniyanın Baş naziri Pedro Sançes Mayorkaya gəlib. O, hökumətin zərər çəkmiş rayonu “fəlakət zonası” elan edəcəyini bildirib.