MDB-nin İcraiyyə Komitəsində daimi nümayəndəliklər Şurasının növbəti iclası keçirilib
Minsk, 16 iyun, AZƏRTAC
Belarus paytaxtındakı MDB İcraiyyə Komitəsində Birliyin nizamnamə və digər orqanlarında üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının iclası keçirilib. Bu barədə AZƏRTAC-a qurumun Minsk qərargahının mətbuat xidmətindən məlumat verilib.
Görüşdə İcraiyyə Komitəsinin sədri, MDB-nin icraçı katibi Sergey Lebedev iştirak edib. O, iyunun 7-də Bişkekdə MDB hökumət başçılarının məhdud tərkibdə keçən görüşündə konstruktiv müzakirələr barədə məlumat verib. S.Lebedev vurğulayıb ki, nümayəndə heyətlərinin rəhbərləri MDB-nin unikal regional dövlətlərarası təşkilat kimi saxlanılmasının vacibliyini təsdiq edib və Birliyin müasir reallıqlara adaptasiyası məsələlərinə balanslaşdırılmış və praqmatik yanaşmanı dəstəkləyiblər. Şuraya sədrlik edən Kubaniçbek Omuraliev bildirib ki, MDB Hökumət Başçıları Şurasında 22 sənəd qəbul olunub. Bu sənədlər Birlik ölkələrinin inteqrasiya əməkdaşlığının müxtəlif sahələrini əhatə edir.
Daimi Nümayəndələr Şurasının üzvləri dövlət rəhbərləri, hökumət başçıları, xarici işlər nazirləri şuraları, habelə qurumun iqtisadi şurasının prosedur qaydalarına dəyişikliklər edilməsinin məqsədəuyğunluğunu müzakirə ediblər. Bundan əlavə, Birliyin müasir reallıqlara adaptasiyasına dair MDB Dövlət Rəhbərləri Şurasının qərar layihəsi barədə rəylər bildirilib.
İclasdan əvvəl İcraiyyə Komitəsi sədrinin - icraçı katibin birinci müavini Vladimir Qarkuna MDB ölkələrinin əməkdaşlığının inkişafına əhəmiyyətli şəxsi töhfəsinə görə Rusiyanın baş prokuroru Yuri Çayka adından “MDB Baş Prokurorları Əlaqələndirmə Şurasının 20 illiyi” mükafatı təqdim edilib.
Daimi Nümayəndələr Şurasının növbəti iclası iyulun 12-nə təyin edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk