MDB-nin mənzil- qərargahında Daimi Nümayəndələr Şurasının növbəti iclası keçirilib
Minsk, 19 may, AZƏRTAC
Mayın 19-da Belarusun paytaxtında yerləşən MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin təşkilatın nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclası olub. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki mənzil-qərargahında mətbuat xidmətindən bildiriblər.
İclasda MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev iştirak edib. O, Şuranın üzvlərinə MDB-nin mayın 8-də Moskvada keçirilmiş qeyri-formal sammitinin yekunları barədə məlumat verib. Qeyri-formal sammitin iştirakçıları Birliyə üzv Ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclasının keçiriləcəyi gün və yer barədə razılığa gəliblər. İclas bu il oktyabrın 16-da Astanada keçiriləcək.
Daimi Nümayəndələr Şurasının iclasında Sergey Lebedevə və Belarusun daimi nümayəndəsi Nikolay Demçuka “1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 70 ili” yubiley medalları təqdim edilib.
Sonra tərəflər “Birliyin mədəniyyət paytaxtları” Dövlətlərarası Proqramının həyata keçirilməsi təcrübəsini müzakirə ediblər. Bu məsələ ilə əlaqədar Birliyin İcraiyyə Komitəsinin mədəniyyət, idman, turizm və gənclər sahəsində əməkdaşlıq şöbəsinin rəisi Tatyana Kovalyova məlumat verib.
Proqram 2011-ci ildə elan edilmiş MDB-nin Tarixi-Mədəni İrsi İli çərçivəsində hazırlanıb və hər il Birlik dövlətlərinin yaradıcılıq resurslarının, bir qayda olaraq, iki dövlətdə - hər dövlətin bir qeyri-paytaxt şəhərində cəmləşməsini nəzərdə tutur.
Şəhərlərin Birliyin mədəniyyət paytaxtları elan edilməsi barədə qərar hər il MDB-nin Dövlət Başçıları Şurası tərəfindən Humanitar Əməkdaşlıq Şurasının təqdimatına əsasən qəbul edilir.
Xatırladırıq ki, 2013-2014-cü illərdə MDB-nin mədəniyyət paytaxtlarından biri Qəbələ elan olunub.
Daimi Nümayəndələr Şurasının üzvləri qeyd ediblər ki, Proqram humanitar əməkdaşlıq sahəsində mühüm dövlətlərarası layihəyə çevrilib. Birliyin iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Mədəni Əməkdaşlıq Şurası bu Proqramın həyata keçirilməsinə böyük kömək göstərirlər.
Daimi nümayəndələr Proqramın həyata keçirilməsinin müsbət və problemli tərəflərini müzakirə edərək “Birliyin mədəniyyət paytaxtı” statusunu əldə etmiş şəhərlərdə keçirilən tədbirlərdə öz dövlətlərinin nümayəndələrinin iştirakını təşkil etmək üçün əlavə tədbirlər görməyi qərara alıblar. Onlar həmçinin yuxarıda göstərilən şuraların iclaslarında Proqramın 2016-cı ildə və sonrakı illərdə həyata keçirilməsi məsələsini nəzərdən keçirməyi tövsiyə ediblər.
Daimi Nümayəndələr Şurasının növbəti iclasını iyunun 16-da keçirmək qərara alınıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk