MDB ölkələrinin ekspertləri hərbi təyinatlı peyk rabitə sistemlərindən istifadə məsələlərini müzakirə edəcəklər
Minsk, 16 iyun, AZƏRTAC
İyunun 21-22-də Minskdə, MDB İcraiyyə Komitəsində hərbi təyinatlı peyk rabitə sistemlərindən istifadə olunması və onların təkmilləşdirilməsi haqqında Saziş layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək.
Sənədə görə, hərbi təyinatlı peyk rabitə sistemlərindən istifadə və onların təkmilləşdirilməsi silahlı qüvvələrin və onlar arasında qarşılıqlı fəaliyyət yaradan təşkilatların idarə olunmasının etibarlılığını artırmaq məqsədi ilə həyata keçiriləcək.
Bundan ötrü MDB-nin iştirakçısı olan dövlətlərin milli seqmentləri əsasında inteqrasiya olunmuş hərbi təyinatlı peyk rabitə sistemi yaratmaq planlaşdırılır. Belə sistemin yaradılmasına vahid yanaşmaları təmin etmək üçün Rusiya Müdafiə Nazirliyi texniki xarakteristikalara tələblərin işlənib hazırlanması üzrə baş təşkilat kimi hərbi təyinatlı peyk rabitəsinin milli seqmentlərinin xarakteristikalarının uyğunluğunu təmin edən layihə və istismar sənədlərinin işlənib hazırlanmasında Birlik ölkələrinin müdafiə nazirliklərinə kömək edəcək.
Tərəflər kosmik komplekslərin, hərbi təyinatlı peyk rabitə sistemlərinin və onların elementlərinin təkmilləşdirilməsinə yönəldilən elmi-tədqiqat və təcrübi-konstruktor işlərini kooperasiya əsasında elmi-tədqiqat təşkilatlarında və sənaye müəssisələrində həyata keçirməyi planlaşdırırlar. Onlar vahid texniki siyasət yürütmək üçün hərbi təyinatlı peyk rabitə sistemlərinin təşkilati-texniki strukturunda planlaşdırılan dəyişikliklər barədə bir-birini vaxtında məlumatlandırmaq, habelə onların təkmilləşdirilməsi və inkişafı üzrə tədbirlər görmək barədə razılığa gəliblər.
Sazişin reallaşdırılması üzrə fəaliyyətin əlaqələndirilməsi Birlik ölkələrinin Müdafiə Nazirləri Şurasına həvalə edilib.
Sazişin layihəsi ekspertlər səviyyəsində razılaşdırıldıqdan sonra sənəd baxılması MDB Hökumət Başçıları Şurasına təqdim ediləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk