MDBMİ-də “Azərbaycanda “böyük terror”un tarixi” kitabının təqdimatı olub
Moskva, 15 may, AZƏRTAC
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) sovetşünas tarixçi Eldar İsmayılovun “Azərbaycanda “böyük terror”un tarixi” kitabının təqdimatı olub. Təqdimatı MDBMİ-nin Azərbaycan klubu təşkil edib.
Kitab Moskvanın “ROSSPEN” nəşriyyatında “Stalinizm tarixi” elm-nəşriyyat layihəsi çərçivəsində çap olunub.
Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) mərkəzi şurasının üzvü, publisist Azər Cahangirov bildirib ki, bu kitab tanınmış tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru mərhum Eldar İsmayılovun elmi irsini tamamlayır. O deyib: “Kitabın RF Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının, RF Dövlət Arxivinin və digər nüfuzlu təşkilatların dəstəyi ilə çap olunması tədqiqat mövzusunun əhəmiyyətini təsdiq edir. Təqdimatın tələbələr arasında keçirilməsi kitabın gənc nəsil üçün nəzərdə tutulduğunu göstərir”.
Azərbaycanın Rusiyadakı səfirliyinin birinci katibi Eldar Bayramov bildirib ki, E.İsmayılovun araşdırmaları iki ölkənin ictimaiyyəti üçün müstəsna əhəmiyyət daşıyır. “Azərbaycanda “böyük terror”un tarixi” kitabında Azərbaycanın və Rusiyanın dövlət arxivlərindən nadir materiallar toplanıb. Kitab ötən illərin hadisələrinin obyektiv qiymətləndirilməsi üçün sanballı əsas yaradır.
Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyevin sözlərinə görə, Eldar İsmayılov elə azsaylı tarixçilərdən idi ki, dünya tarix elmi onun elmi irsindən bəhrələnir. İ.Ağakişiyev Stalin repressiyaları dövrünü dərindən təhlil edərək, cəmiyyətin bugünkü və gələcək inkişafında həmin dövrün araşdırılmasının əhəmiyyətini vurğulayıb.
Monoqrafiyanı yüksək qiymətləndirən rusiyalı qafqazşünas tarixçi, professor Rudolf İvanov tarixçi tələbələri böyük azərbaycanlıların adlarını, o cümlədən Sovet İttifaqı rəhbərlərindən biri olan Nəriman Nərimanovu, sovet sərkərdəsi Cəmşid Naxçıvanskini unutmamağa çağırıb. R.İvanov deyib: “Mən qanıma görə deyil, əqidəmə görə azərbaycanlıyam”. O, Azərbaycan tarixi haqqında kitablarını MDBMİ-nin Azərbaycan klubuna hədiyyə edib.
MDBMİ-nin tələbəsi Polad Talıbov stalinizm dövründə repressiyaya məruz qalan öz ailə üzvlərindən söz açaraq deyib: “Keçmişi dəyişmək olmaz, amma tarixi yaxşı öyrənməklə gələcəyi dəyişmək olar”.
MDBMİ-nin Azərbaycan klubunun fəalları - tələbə Murad Məmmədov, aspirant Ceyhun Hüseynov bildiriblər ki, E.İsmayılovun kitabı Azərbaycanın həmin dramatik dövrünün kompleks öyrənilməsi sahəsində boşluqları aradan qaldırır. Akademik üslubda yazılan kitabda apologetika əlamətləri yoxdur. Xüsusi vurğulanıb ki, Azərbaycan SSR-də “böyük terror” təkcə azərbaycanlılara qarşı yönəlməyib, respublikanın müxtəlif millətlərdən olan vətəndaşları bu terrorun qurbanı olublar. Repressiyalar əsl ümumxalq faciəsinə çevrilib, SSRİ-də yaşayan bir çox xalqların nümayəndələrinin hakimiyyətə etimadının itirilməsinə gətirib çıxarıb.
E.İsmayılov Azərbaycanın və Rusiyanın ən yeni tarixinin müxtəlif dövrlərinə həsr olunmuş 10 monoqrafiyanın və yüzdən çox elmi-populyar məqalənin müəllifidir. Oxucuların mühakiməsinə verilən monoqrafiya 1936-1938-ci illərdə Azərbaycanda Stalin repressiyalarına həsr edilib. Eldar İsmayılov Azərbaycan və Rusiya arxivlərindən götürülmüş çoxsaylı sənədlər əsasında Stalin repressiyaları tarixini dərindən təhlil edib və Azərbaycan şəraitində onun xüsusiyyətlərini açıb. Müəllifin fikrincə, “böyük terror” əsl faciəyə çevrilib və ölkənin gələcək inkişafında silinməz iz buraxıb. Kitab mütəxəssislər, sovet tarixi və Azərbaycan tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva