MDU-da imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü
Bakı, 26 yanvar, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda baş tutan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə və magistrantlar, onların valideynləri ilə görüşüb. Görüşdə universitetin inzibati heyət üzvləri də iştirak ediblər.
İmtahan sessiyası barədə məlumat verən rektor Ş.Bayramov imtahanların obyektiv, şəffaf və mütəşəkkil keçirilməsindən məmnunluğunu ifadə edib və tələbələrə uğurlar arzulayıb.
Görüşdə iştirakçıların sualları ətraflı cavablandırılıb. Tələbələr və valideynlər universitetdə imtahan sessiyasının gedişatından və yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.
Qeyd edək ki, “Açıq qapı” günlərinin fevralın 1-dək hər həftə təşkil olunması nəzərdə tutulub.