MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR GÖRÜLÜR
Müşavirələrdə dövlətimizin başçısının məlum Fərmanının icrası ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən danışılmış, o cümlədən regionlarda yeni məhkəmələrin yaradılmasının bölgələrin sosial-iqtisadi inkişafının sürətlənməsində, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşmasında, yerli hüquqşünasların işlə təmin olunmasında xüsusi əhəmiyyəti qeyd edilmiş, bununla əlaqədar yerlərdə vəkillik xidmətinin təkmilləşdirilməsinin, dövlət ittihamının müdafiəsi ilə bağlı prokurorluğun regional bölmələrinin yaradılmasının nəzərdə tutulduğu bildirilmişdir.
Həmçinin, bəzi hakimlər tərəfindən əmək və icra intizamının pozulması, vətəndaşların müraciətlərinə etinasız münasibət göstərilməsi, süründürməçilik və digər nöqsanlara yol verilməsi qeyd edilərək, haqlı narazılıqlara səbəb olan belə halların qarşısının alınması üzrə görülən tədbirlərdən danışılmışdır.
Qeyd olunmuşdur ki, Fərmanın icrası ilə bağlı tədbirlər çərçivəsində Dünya Bankı ilə birlikdə müvafiq layihə hazırlanmışdır. Layihədə 17 yeni məhkəmə, o cümlədən yeni yaradılan məhkəmələr üçün müasir tələblərə cavab verən binaların tikilməsinin, habelə məhkəmələrin müasir informasiya texnologiyaları ilə təmin olunmasının və digər tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.
Müşavirələrdə Azərbaycan Prezidentinin 2006-cı il 19 yanvar tarixli Fərmanının məhkəmə sisteminin müasirləşdirilməsində və təkmilləşdirilməsində mühüm mərhələ olduğu qeyd edilmiş, həmin sənəddən irəli gələn vəzifələrin yerinə yetirilməsinin artıq müsbət nəticələr verdiyi bildirilmişdir.
Hər üç bölgə üzrə yeni yaradılan məhkəmələrə əlverişli ərazidə binaların tikilməsi ilə bağlı yerli icra hakimiyyəti və aidiyyəti dövlət orqanlarının təklifləri yerində nəzərdən keçirilmiş, müvafiq ərazilər seçilmişdir. Eyni zamanda, bu obyektlər tikilənədək məhkəmələrin müvəqqəti yerləşdirilməsi üçün binalar seçilmiş, onların məhkəmə fəaliyyətinə uyğunlaşdırılması məqsədi ilə görüləcək işlər müəyyənləşdirilmişdir.
Səfərlər çərçivəsində vətəndaşların qəbulu keçirilmiş, onların qaldırdıqları problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.