Mehriban Süleymanova: Bakı musiqi mərkəzinə çevrilir
Kiyev, 4 noyabr (AZƏRTAC). AZƏRTAC-ın xəbər verdiyi kimi, bu yaxınlarda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında dünya şöhrətli skripkaçı, Vankuver Musiqi Akademiyasının (Kanada) professoru Taras Qaborun konserti olmuşdur. Dünya miqyaslı virtuozla birlikdə səhnədə A.V.Nejdanova adına Odessa Milli Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr və festivallar laureatı Mehriban Süleymanova royalda çıxış etmişdir. Qastrollardan Ukraynaya qayıtmış istedadlı pianoçumuz öz tarixi vətəninin paytaxtında AZƏRTAC-ın müxbirinin suallarına cavab vermişdir.
- Mehriban, zəhmət olmasa, konsertdən danışın.
- Konsert oktyabrın 24-də, özü də mübaliğəsiz deyim ki, böyük müvəffəqiyyətlə keçmişdir. Maestro ilə birlikdə biz, gənc pianoçular - beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və mən Motsart, Debüssi, Raxmaninov, Skryabin və Bartokun əsərlərini ifa etmək şərəfinə nail olduq. Əlbəttə, konsertin başlıca mövzusu görkəmli bəstəkarımız Qara Qarayevin klassik musiqisi idi. Cənab Qaborun dahi Azərbaycan bəstəkarının sonatasını konsertə daxil etmək təşəbbüsümü dəstəkləməsi mənə çox xoşdur. Bu əsər Kanadada artıq bir neçə konsertdə ifa olunmuşdur.
Bu musiqi tədbiri çərçivəsində oktyabrın 23-də Bakı Musiqi Akademiyasında Taras Qabor ustad dərsi keçmişdir.
Görkəmli skripkaçı xüsusən Qara Qarayevin sonatasından sonra klassik Azərbaycan musiqisinə çox maraq göstərmişdir. Biz uşaqlarla birlikdə ona Qara Qarayevin skripka ilə orkestr üçün konsertinin notlarını hədiyyə etdik və sevinirik ki, Azərbaycan musiqisi dünyanın hər yerində səsləndiriləcəkdir.
Fürsətdən istifadə edib konsertin gözəl təşkilinə görə akademiyanın rektoru, SSRİ Xalq Artisti, professor Fərhad Bədəlbəyliyə və prorektor, Azərbaycanın Xalq Artisti Yeganə Axundovaya böyük minnətdarlığımı bildirmək istərdim.
Əlbəttə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin başçısı Elçin Məmmədovun dəstəyi olmasaydı, bu layihəni həyata keçirmək mənim üçün asan olmazdı.
- Gəlin, Sizdən danışaq.
- Mən Ukraynada doğulsam da, Qarabağ kökümü unutmamışam, Azərbaycan tərbiyəsi və mənəviyyatı ruhunda böyümüşəm. Valideynlərim Füzulidəndir. Ana tərəfdən babam, dayım və qardaşım muğam sənəti ilə peşəkarcasına məşğul olmuşlar.
Bacım A.Nejdanova adına Odessa Milli Musiqi Akademiyasının xor fakültəsinin aspirantıdır. Bəli, ailəmiz yaradıcı ailədir. Hazırda mən bu musiqi akademiyasının magistraturasında professor, Ukraynanın Əməkdar İncəsənət Xadimi T.Şevçenkonun sinfində təhsil alıram.
- Bakı sizdə hansı təəssüratlar oyatdı?
- Azərbaycanın paytaxtı müasir həyatın parlaq palitrası ilə, öz gözəlliyi, qonaqpərvərliyi və təkrarolunmaz aurası ilə təkcə məni deyil, maestro Qaboru da məftun etmişdir. O, belə gözəlliyə sadəcə heyran qalmış və demişdir ki, bütün dünyanı gəzsə də, heç yerdə belə gözəlliklər görməmişdir. Bir də ki, Azərbaycan mətbəxi onun çox xoşuna gəlmişdir.
Amma şəhərin qədim hissəsi, orada hökm sürən qədim dövrün atmosferi və Bakının həmişəcavan qəlbi mənə daha əzizdir... Xalqımızın qonaqpərvərliyi, mehribanlığı adamı heyran edir və mən Azərbaycandan olmağımla fəxr edirəm.
Bakının dünya şöhrətli artistlər üçün musiqi mərkəzinə çevrilməsi də qəlbimdə gözəl məhəbbət və qürur hissi doğurur.
Söhbəti apardı
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev