“Məktəb seminarları”nın növbəti sessiyaları Nərimanov rayonunu əhatə edib
Bakı, 2 mart, AZƏRTAC
2018-2019-cu tədris ili üzrə “Məktəb seminarları”nın növbəti sessiyaları Nərimanov rayonunun ümumtəhsil məktəblərini əhatə edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, məktəb direktorları üçün keçirilən sessiyada BŞTİ-nin müdiri Rəşad Tağıyev “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar həyata keçirilən tədbirlərdən, paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.
İdarə müdiri, həmçinin məktəblərdə işin təşkili, ümumtəhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması və digər məsələlərdən danışıb.
Qruplar şəklində təşkil olunan sessiyalarda təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili metodik işə nəzarət, istedadlı şagirdlərlə iş, məktəbdaxili qiymətləndirmə işinin təşkili, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi, məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi və digər mövzularda çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb.
Həmçinin “Məktəb seminarları” layihəsi çərçivəsində idarənin ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər keçirilib.
Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.
“Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.