Məktəbdənkənar təhsil müəssisəsində hərbi vətənpərvərlik mövzusunda təlimlər keçirilir
Bakı, 1 oktyabr, AZƏRTAC
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən hərbi vətənpərvərlik tərbiyəsi mövzusunda maarifləndirmə təlimlərinə start verilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlimlərin keçirilməsində məqsəd ölkədə elan olunan hərbi vəziyyət dövründə uşaq və gənclərin vətənpərvərlik ruhunun daha da artırılması, Milli Ordumuzun qüdrətinin təbliğ edilməsindən ibarətdir. Eyni zamanda, təlimlərdə ilk yardımın göstərilməsi, mülki müdafiənin dinc dövrdən hərbi vəziyyətə keçirilməsinin qaydaları və ardıcıllığı izah olunacaq.
Mülki müdafiə, ilk tibbi yardım istiqamətləri üzrə təlimlər Mərkəzin əməkdaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Mülki Müdafiə Qərargahının rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Mehman Həsənov və müəssisənin peşəkar təlimçiləri tərəfindən keçirilir.
Müvafiq təlimlərin daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur.