QAN YADDAŞI
Məktəbli Leyla Süleymanova: Xocalı soyqırımı zamanı uşaqların da vəhşicəsinə qətlə yetirilməsi dəhşətli faciədir
Bakı, 26 fevral, AZƏRTAC
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini zəbt edərək kütləvi qırğın törədiblər. Oxuduqlarımızdan, eşitdiklərimizdən bilirik ki, ermənilər Xocalıda 613 günahsız insanı amansızlıqla qətlə yetiriblər və onların arasında uşaqlar da olub. Bu, dəhşətli faciədir. Odur ki, biz məktəblilər Xocalı faciəsini heç vaxt unutmayacağıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri fevralın 26-da Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar "Ana harayı" abidəsini ziyarət edən Bakı şəhəri 55 nömrəli tam orta məktəbin şagirdi Leyla Süleymanova deyib.
Həmin məktəbin müəllimi Nailə Quliyeva isə qeyd edib ki, Xocalı faciəsi bizim qan yaddaşımızdır. Bütöv bir şəhər bir gecədə yerlə yeksan edildi. Xocalı soyqırımı dünyada misli görülməmiş faciədir. Əsrlər keçsə də, bu qanlı hadisə xalqımızın yaddaşından silinməyəcək. Şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyə etməyə çalışırıq ki, bu soyqırımını hər zaman xatırlasınlar. Vətənini sevən, ona bağlı olan belə uşaqlar yetişdirdiyimiz üçün qürur hissi keçiririk. Gənc nəsil ermənilərin Xocalıda dəhşətli cinayət törətdiklərini bilməlidir.