REGİONLAR
Məktəbli qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib
Biləsuvar, 8 mart, Surxay Şahbazov, AZƏRTAC
Biləsuvar rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məktəbli qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda rayonun 10 ümumtəhsil məktəbindən 120 şagird iştirak edib. Fevralın 24-dən start götürən birinciliyə Beynəlxalq qadınlar günündə yekun vurulub. Yarışın keçirilməsində əsas məqsəd məktəbliləri voleybola cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.
Yarışın qalibi Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksinin komandası olub. Onlar finalda İnternat tipli məktəb-liseyin komandası üzərində qələbə qazanıblar.
Biləsuvar şəhər 1 saylı tam orta məktəbin komandası isə Bağbanlar kənd tam orta məktəbin komandası üzərində qələbə qazanmaqla 3-cü yerin sahibi olub.
Mükafatlandırma mərasimində çıxış edənlər qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs ediblər.