Məktəblimizin elmi layihəsi beynəlxalq müsabiqədə gümüş medala layiq görülüb
Bakı, 26 dekabr, AZƏRTAC
Türkiyənin İzmir şəhərində “BUCA IMSEF” beynəlxalq elm müsabiqəsinin qaliblərinin onlayn mükafatlandırılması tədbiri keçirilib. Dünyanın 24 ölkəsindən 74 elmi layihənin təqdim olunduğu müsabiqədə Azərbaycanı Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin şagirdi Raya Həsənli təmsil edib.
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutundan AZƏRTAC-a bildirilib ki, müsabiqədə Raya Həsənli “Tullantıdan möcüzəyə” layihəsi ilə gümüş medala layiq görülüb.
Raya Həsənli acı badamdan müalicəvi badam yağının alınması texnologiyasına həsr olunan layihəsini Aşqarlar Kimyası İnstitutunda yerinə yetirib. Onun layihə üzrə elmi rəhbərləri institutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev, elmi işçi Mirəli İsakov və təhsil aldığı məktəbin direktoru Sevinc Həsənova olub.