Memarlıq incilərində sovet dövrünün koloriti
Bakı, 11 iyun, Vahid Şükürov, AZƏRTAC
Sovet dövründə memarlıq təkcə mühüm ideologiya vasitəsi deyildi, o həm də şəhər mühitinin müasirləşməsində və transformasiyasında əhəmiyyətli rol oynayıb. Sosializm ideyalarının və sənayeləşmə səylərinin təsiri ilə bir çox şəhərin memarlıq mənzərəsi yeni dövrün başlanğıcını və müasir həyat tərzi arzusunu əks etdirən əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Bu baxımdan, mühüm mədəni və iqtisadi mərkəz olan Bakı onun simasında əks olunan intensiv memarlıq inkişafının şahidinə çevrilib.
AZƏRTAC xəbər verir ki, Bakının memarlıq və şəhərsalma prosesinin inkişafında sovet dövrü həm ucaldılan binaların kəmiyyəti, həm də keyfiyyəti baxımından ən maraqlı və zəngin mərhələlərdən biridir. Bakının memarlığında “Sovet konstruktivizmi”, ”Stalin imperiyası”, “Sovet modernizmi” adlanan və XX əsri əhatə edən bütün bu tarixi dövrlərin demək olar ki, hər biri Azərbaycan paytaxtının inkişafında silinməz izlər qoyub, şəhərə yeni üslub bəxş edib, onu öz zəmanəsinin unikal memarlıq nümunələri ilə zənginləşdirib.
Stalin ampiri və ya sovet monumental klassikliyi adlanan və 1930-cu illərin sonundan 1950-ci illərədək SSRİ-də məşhur olan memarlıq istiqaməti üslubunda bir çox bina məhz İosif Stalinin göstərişi ilə inşa edilib.
“Ampir” sözü fransız dilindəki “empire” sözündən tərcümədə “imperiya” deməkdir. Bu memarlıq istiqaməti XIX əsrin əvvəllərində Fransada ortaya çıxıb. O illərdə inşa olunan binalar hündürdür, çoxlu sayda sütunlara, ciddi kompozisiyaya malikdir. Xarici görünüşünə görə onlar Qədim Yunanıstan və Roma imperiyasının binalarını xatırladır. Sovet memarları da Roma və Yunanıstan tikililərindən ilham aldıqlarından, Stalin ampirinin binaları klassik proporsiyalara uyğun olaraq monumentaldır, lakin onlarda digər istiqamətlərin xüsusiyyətləri də öz əksini tapıb.
Belə binalardan biri “Gənclik” metro stansiyasının yaxınlığındakı Nəsibbəy Yusifbəyli küçəsində yerləşir. O, ötən əsrin 30-cu illərində tikilib və əsas özəlliyi sovet memarlığının milli arxitektura məktəbinin elementləri ilə ahəngdar birləşməsindədir. Üslubların bu qarışığı pəncərələrin quruluşunda nəzərə çarpır: onlar simmetrik şəkildə düzülüb, pəncərələrin işləmələri isə uzaqdan şüşəbəndi xatırladır.
Bina formaların lakonikliyi və funksionallığın vurğulanması ilə xarakterizə olunur. Konstruksiyanın əsası dəmir-betondan ibarətdir ki, bu da strukturun möhkəmliyini və davamlılığını təmin edir. Binanın fasadı isə əhəngdaşındandır. Fasadın şaquli və üfüqi xətləri konstruksiyanın ciddiliyini və sadəliyini vurğulayır. Binanın daxili hissələri məkandan optimal istifadə üçün nəzərdə tutulub. Kabinetlər, zallar və texniki otaqlar işçilərin maksimum səmərəliliyini təmin edəcək şəkildə yerləşir. İnteryerdə ciddi xətlər və minimalizm üstünlük təşkil edir. Hündür tavanlar və geniş otaqlar açıqlıq və azadlıq hissi yaradır. Binada parlaq sovet simvolizmi qorunaraq saxlanılıb.
Sovet dövründə binada xüsusi antenalar, ötürücülər və qəbuledicilər də daxil olmaqla, unikal hərbi avadanlıqlar yerləşib. O, xüsusi mühafizə olunan obyekt sayılırdı.
Bu bina 1930-cu illərin memarlıq və mühəndislik sənətinin bariz nümunəsidir, özündə funksionallığı, gücü və minimalizm estetikasını birləşdirir. Hazırda burada təmir-bərpa işləri həyata keçirilir.