ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universitetinin tələbəsi Britaniya Memarlarının Kral İnstitutuna üzv olub
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbəsi Murad Mirzadə Britaniya Memarlarının Kral İnstitutuna (RIBA) tələbə üzv seçilib. Qurum bununla əlaqədar universitetin tələbəsinə bildiriş göndərib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, dünyada tanınan nüfuzlu və peşəkar bir qurum olan RIBA-ya ödənişsiz üzv seçilmək Murad Mirzadə üçün böyük şans yaradır. Belə ki, quruma üzv olan tələbə “RIBA President's Medal” dizayn, 30-dan çox məktəbin iştirak etdiyi Polyark beynəlxalq dizayn və RIBA “Norman Foster Traveling” təqaüd müsabiqəsində iştirak edə bilər.
Universitetin tələbəsi 2020-ci ildə onlayn keçiriləcək “RIBA CPD” proqramı və professional tədbirlərə minimum 50 faiz endirim əldə etməklə yanaşı, informasiya bülleteni və RIBA jurnalına abunə olmaq üçün də endirim qazanıb. Bundan başqa, o, regionda baş verənlər haqqında praktik məsləhətlər və məlumatlara dair beynəlxalq tələbə bülletenləri əldə edə biləcək və müsabiqələrə giriş, lazım olduqda layihələri onlayn sərgilərdə və RIBA nəşrlərində reklam etmək imkanı qazanacaq.
Xatırladaq ki, AzMİU-nun Memarlıq fakültəsi ötən ilin sonunda RIBA-nın 5 illik akkreditasiyasını alıb.