Mən dünyaya aktrisa olmaq üçün gəldim…
Xalq artisti Amaliya Pənahovanın 80 illiyinə həsr olunmuş gecə belə adlanırdı
Bakı, 29 dekabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli teatr və kino aktrisası, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf” və “Şöhrət” ordenli sənətkar, Bakı Bələdiyyə Teatrının yaradıcısı Amaliya Pənahovanın 80 illiyinə həsr olunmuş “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” adlı yubiley gecəsi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, rəsmi şəxslər, Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Mərahim Fərzəlibəyov, Nurəddin Mehdixanlı və Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək aktrisanın sənət yolundan, Azərbaycan teatr və kino sənətinin inkişafına verdiyi böyük töhfələrdən danışıb, öz xatirələrini bölüşüblər.
Cavid İmamverdiyevin quruluş verdiyi gecədə Amaliya Pənahovanın tamaşalarda səsləndirdiyi mahnıların lent yazılarının müşayiətində Azərbaycan Dövlət Rəqs Ansamblının nümayiş etdirdiyi performans böyük maraqla qarşılanıb. Xalq artistləri İlqar Muradov, Gülyaz və Gülyanaq Məmmədovalar, Fidan Hacıyeva, Əməkdar artistlər Sevda və Elmira Ələkbərzadələr öz ifaları ilə yubiley şöləninə rəng qatıblar.
Xalq artistləri Kazım Abdullayev “Medeya”, Nurəddin Mehdixanlı “Unuda bilmirəm” tamaşalarında Amaliya Pənahovanın vaxtilə tərəf-müqabil olduqları hissələri nümayiş etdiriblər. Bundan əlavə, Xalq artisti Hacı İsmayılovla Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanovanın ifasında “Sən həmişə mənimləsən”, Əməkdar artist Elşən Rüstəmovla aktrisa Ülviyyə Rzanın təqdimatında “Təhminə və Zaur” tamaşasından parçalar nümayiş etdirilib.