Mərakeşdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycanın Mərakeşdəki səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmiləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Vətənin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Sabir Ağabəyov mərasimdə çıxış edərək, xalqımızın azadlıq mübarizəsi tarixi, müstəqillik yolundakı çətinliklərindən danışmış, keçmiş sovet ordusu tərəfindən dinc sakinlərə qarşı törədilmiş bu qanlı qırğın barədə məlumat vermişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyini vurğulayan diplomat, 20 Yanvar şəhidlərinin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd etmişdir.
Tədbirdə 20 Yanvar faciəsi qurbanlarının dəfn mərasimində şəxsən iştirak etmiş Mərakeş vətəndaşı, hazırda Krallığın Məhəmmədiyyə şəhərindəki II Həsən Universitetinin doktoru Məhəmməd Malamani də çıxış etmiş, faciə ilə bağlı xatirələrini bölüşmüşdür. O, həmin vaxt Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində təhsil aldığını və azərbaycanlı tələbə dostları ilə birlikdə çətinliklə də olsa, Bakı şəhərinə gəldiyini qeyd etmişdir. Mərakeşli alim 20 Yanvar şəhidlərinin dəfn mərasimindən çəkdiyi fotoşəkilləri iştirakçılara nümayiş etdirmişdir. M.Malamani həmin şəkillərin bəzilərinin “Черный январь Баку-1990” kitabında yer aldığını da diqqətə çatdırmışdır.
20 Yanvar faciəsini əks etdirən fotoşəkillər və bu qanlı hadisələrə aid videomateriallar iştirakçıların böyük marağına səbəb olmuşdur.
20 Yanvar faciəsinə dair səfirlik tərəfindən hazırlanmış materiallar Mərakeş Krallığının Xarici İşlər Nazirliyinə, bu ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilmişdir.