Mərakeşin “Əl-İslah” qəzeti Azərbaycanla bağlı xəbərlər dərc edib
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin ölkəmizin işğal olunmuş ərazisində vurulması ilə bağlı “Qafqazinfo”ya müsahibəsi Mərakeşin “Əl-İslah” qəzetində AZƏRTAC-a istinad edilməklə dərc olunub. Bu barədə Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a məlumat verilib.
Müsahibədə Novruz Məmmədov Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məkrli siyasətinin mahiyyətini açıqlayıb, ermənilərin törətdiyi bu təxribatlarla öz məqsədlərinə nail olmayacağını, Azərbaycanın əsas hədəfinin işğal altındakı ərazilərinin azad edilməsi olduğunu vurğulayıb.
“Əl-İslah” qəzetinin həmin nömrəsində AZƏRTAC-a istinadən “Almaniya XİN: Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir” adlı informasiya da dərc olunub.
İnformasiyada cəbhə xəttində atəşkəsin pozulması hallarının intensivləşməsi ilə əlaqədar “Solçular” fraksiyasının Almaniya hökumətinə ünvanlandığı sorğunun Xarici İşlər Nazirliyi tərəfindən “Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir, lakin erməni silahlı qüvvələrinin nəzarətindədir” fikri ilə cavablandırıldığı Mərakeş ictimaiyyətinin diqqətinə çatdırılır.