Mərkəzi Afrika Respublikasında BMT-nin üç sülhməramlısı həlak olub
Bakı, 26 dekabr, AZƏRTAC
Mərkəzi Afrika Respublikasında qiyamçıların hücumu nəticəsində Birləşmiş Millətlər Təşkilatının üç sülhməramlısı həlak olub, ikisi isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS informasiya agentliyi BMT Baş katibinin mətbuat katibi Stefan Düjarrikə istinadla məlumat yayıb.
“BMT-nin Baş katibi naməlum silahlı qiyamçıların Mərkəzi Afrika Respublikasının Silahlı Qüvvələrinə və BMT-nin bu ölkədəki missiyasına hücumunu qətiyyətlə qınayır”, - deyə Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, qiyamçılar Mərkəzi Afrika Respublikasının Kemo əyalətindəki Dekoa şəhərində və Mbomu əyalətindəki Bakuma şəhərində hökumət qüvvələrinə və sülhməramlılara hücum ediblər. Nəticədə Burundidən olan sülhməramlıların üç hərbçisi həlak olub, ikisi yaralanıb.
BMT-nin Baş katibi Antoniu Quterreş yerli hakimiyyət orqanlarını müharibə cinayətini araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Mərkəzi Afrika Respublikasında üç qiyamçı qruplaşmanın birləşdiyi koalisiya dekabrın 18-dən etibarən paytaxt Banqi şəhərinin əsas təchizat yollarını bağlamaq üçün hərbi əməliyyatlara başlayıb. Onlar ikinci müddətə seçilmək üçün çalışan ölkə prezidenti Fosten-Arkanju Tuadereyə qarşı çıxırlar. Qiyamçıların koalisiyasına Mərkəzi Afrika Respublikasının sabiq prezidenti Fransua Bozizenin rəhbərlik etdiyi bildirilir. Ölkədə prezident və parlament seçkiləri dekabrın 27-nə təyin olunub.