Mərkəzi Bank Aktuari İnkişaf Proqramına başlayıb
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunun davamlı və dayanıqlı inkişafı məqsədilə genişmiqyaslı strateji fəaliyyətini davam etdirir. Bu istiqamətdə intensiv formada həyata keçirilən layihələrdən biri də sığortaçılarda kadr potensialının genişləndirilməsi layihəsidir. Sığorta şirkətlərinin əməkdaşlarının, həmçinin sektorda fəaliyyət göstərmək istəyən şəxslərin peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edən bu layihə çərçivəsində sığorta sahəsində müxtəlif peşə kateqoriyaları üzrə beynəlxalq səviyyədə təlim proqramları təşkil edilməkdədir. Sığorta şirkətlərinin maliyyə dayanıqlığının ölçülməsində əhəmiyyətli rola malik aktuar sahəsinin inkişafı Mərkəzi Bankın prioritetləri arasındadır.
AMB-dan AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bank Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə ölkədə müasir bilik və bacarıqlara malik aktuarilərin yeni nəslinin formalaşdırılması məqsədilə Aktuari İnkişaf Proqramına başlayıb. Beynəlxalq səviyyədə təşkil olunmuş aktuari inkişaf proqramının iştirakçılarına nəzəri biliklərlə yanaşı sığorta sektorunda təcrübə keçmək imkanı da yaradılıb. Türk Sığorta İnstitutu Vəqfinin (TSEV) və yerli mütəxəssislərin nəzəri və praktiki təlimləri ilə zənginləşdirilmiş proqram 15 ay müddətində davam edəcək. Mərkəzi Bankda Aktuari İnkişaf Proqramına qatılmaq hüququ qazanmış 90 nəfər iştirakçı ilə görüş keçirilib. Görüşdə iştirakçılara proqramın məqsədləri və tələbləri ətraflı izah edilib, proqramda müvəffəqiyyətlə iştirak üçün lazımi tövsiyələr verilib. Aktuari İnkişaf Proqramını uğurla tamamlayan şəxslər üçün sığorta sektorunda müvafiq peşə üzrə əmək fəaliyyətini davam etdirmək imkanları təmin olunacaq.