Mərkəzi Bankda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). Mərkəzi Bankın kollektivi 20 Yanvar hadisələri zamanı vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğullarının və qızlarının əziz xatirəsini ehtiramla yad etmişdir.
Mərkəzi Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, 1990-cı ilin Qanlı Yanvar hadisələrinin 24-cü ildönümünə həsr edilmiş tədbirdə bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa, humanizmə qarşı törədilən cinayət kimi xarakterizə olunmuşdur. Diqqətə çatdırılmışdır ki, 20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etmişdir.
Anım mərasimində XX əsrin son onilliyinin tarixi səhifələnərək qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək bu qanlı hadisələri hüquqa, demokratiyaya, insanlığa zidd addım kimi pisləmiş, sovet imperiya rejiminin mürtəce xarakterini açıb göstərmişdir. Məhz Ulu Öndər öz quruculuq siyasəti ilə şəhidlərimizin uğrunda canlarını fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirmişdir.
Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş milli iqtisadiyyatımız hazırda dinamika, stabillik və dayanıqlıq nümayiş etdirir. Müstəqillik uğrunda ilk mübarizələr dövründə Azərbaycanın suveren, siyasi, sosial-iqtisadi cəhətdən güclü bir dövlətə çevrilməsi yalnız arzu idisə, bu gün müasir dünya arenasında öz dəst-xətti və inkişaf modeli ilə seçilən dövlətçiliyimiz və iqtisadiyyatımız artıq bariz reallıqdır. Bu qısa dövrdə Azərbaycan çox böyük inkişaf yolu keçmiş, milli dövlətçiliyimiz, iqtisadiyyatımız yeni bir keyfiyyət nöqtəsinə gəlib çıxmışdır. Dövlətçiliyin və iqtisadiyyatın davamlı inkişafı nəticəsində xalqın yüksək rifah səviyyəsi və sosial məmnunluğu təmin olunmuşdur.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr edilmiş film nümayiş etdirilmişdir.