MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASINDA
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, MSK üzvü Ramiz İbrahimov 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsində 2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələri və bu dairədən seçkilərlə bağlı MSK-ya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin 2, 4, 7, 8, 9, 14, 16, 17, 21, 22 və 24 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda müəyyən edilmiş uyğunsuzluqlar, habelə həmin məntəqələrdə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələrdə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi haqqında qərar çıxarmışdır.
Bununla yanaşı, seçki dairəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu və həmin seçki məntəqəsində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4 hissəsindən çoxunu təşkil etdiyindən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə seçkilərin nəticələri etibarsız hesab edilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.