“Mersedes”in britaniyalı pilotu Luis Hamilton “Formula-1” üzrə üçqat dünya çempionudur
Bakı, 26 oktyabr, AZƏRTAC
Texasda “Formula-1” Qran-pri yarışlarının 16-cı - ABŞ mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, mötəbər turnirin ABŞ mərhələsində hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparıb. ABŞ Qran-prisinin ən maraqlı anı builki “Formula-1” yarışlarının qalibinin müəyyənləşməsi olub. “Mersedes”in britaniyalı pilotu Luis Hamilton mövsümün sonuna üç mərhələ qalmış karyerasında üçüncü dəfə dünya çempionu adını qazanıb.
Uzunluğu 5138 metr olan trasda 56 turda keçirilən yarışın final mərhələsində “Mercedes”in pilotu Luis Hamilton birinci olmaqla xallarının sayını 327-yə çatdırıb və çempionluq titulunu rəsmiləşdirib.
ABŞ Qran-prisində “Mersedes”in digər pilotu Niko Rosberq ikinci, “Ferrari”nin almaniyalı üzvü Sebastiyan Fettel isə üçüncü olub.
İyirmi kəskin döngədən ibarət trasda orta sürət 195, maksimum sürət isə 315 kilometr-saat olub. Yarışın final mərhələsi güclü yağışlı hava şəraitində keçirilib.
Qeyd edək ki, L.Hamilton bundan əvvəlki 15 mərhələnin 9-da qalib gəlib. L.Hamilton Avstraliya, Çin, Bəhreyn, Kanada, Böyük Britaniya, Belçika, İtaliya, Yaponiya və Rusiyada keçirilən yarışlarda qələbə qazanıb. Hər birinin hesabında üç qələbə olan “Ferrari”nin alman sürücüsü Sebastian Fettel Malayziya, Macarıstan və Sinqapur, “Mercedes”in digər pilotu almaniyalı Niko Rosberq isə İspaniya, Monako və Avstriyada zəfər əldə ediblər.
“Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir.
1950-ci ildə keçirilən ilk yarışda “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qələbə qazanıb. Sonuncu mövsümdə (2014-cü il) “Mercedes” komandası ilə britaniyalı pilot Luis Hamilton çempion olub. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mihael Şumaxer qazanıb. O, 7 dəfə bu titulun sahibi olub.
Qeyd edək ki, gələn il Azərbaycan “Formula-1” yarışlarına ev sahibliyi edəcək. İyunun 19-da Bakıda idmanın bu növü üzrə Avropa Qran-pri yarışları təşkil olunacaq.