Mikrobiologiya İnstitutu əməkdaşının rəhbərliyi ilə aparılan layihə mükafata layiq görülüb
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Aygün Qasımovanın rəhbərliyi ilə tədqiqat aparan 43 saylı məktəb-lisey kompleksinin məzunu, Kanadanın Vaterlo Universitetinin I kurs tələbəsi Fidan Qasımova Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “İdeya var” lll ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, F.Qasımovanın “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar” nominasiyası üzrə təqdim etdiyi “Çirkab suların gücdən düşmüş neft yataqlarının laylarında bioloji təmizlənməsi ilə yanaşı neft hasilatının artırılmasının inteqrativ üsulları” layihəsi birinci dərəcəli diplom və mükafata layiq görülüb.
Xatırladaq ki, bioloji metodlardan istifadəyə əsaslanan bu layihə çirkab suların utilizasiyası kimi qlobal problemin həlli, eləcə də neft hasilatının artırılması istiqamətində əhəmiyyətli ola bilər.