Mil-Qarabağ və Aşağı Şirvan ərazilərində kollektorlar təmizlənir
Bakı, 7 mart, AZƏRTAC
Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarında işlər mövsümə uyğun olaraq davam edir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən AZƏRTAC-a bildirilib ki, görülən işlər Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən həyata keçirilir. Bu işlərin əsas məqsədi kollektor sistemlərini lildən və duzdan təmizləmək, şoranlaşmanın qarşısını almaqla torpaqların münbitliyini artırmaqdır. Şoran torpaqların əkinə yararlı vəziyyətə gətirilməsi, yenidən fermerlərin ixtiyarına verilməsi istiqamətində idarənin buldozer, ekskovator və digər texnikaları ərazilərdə işləyir. Bundan başqa, balansda olan nasos stansiyalar cari təmir edilərək mövsüm üçün tam saz hala gətirilib.
Qeyd edək ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi Yevlax, Bərdə, Ağcabədi, Kürdəmir, Zərdab və Ağsu rayonlarına xidmət edir. İdarənin balansındakı kollektorlar vasitəsilə 173 min hektardan artıq suvarılan sahəyə xidmət göstərilir.
İdarə kifayət qədər maşın-mexanizmlərlə və torpaqqazan texnika ilə təmin olunub. Kollektor dren şəbəkəsinin saz vəziyyətdə saxlanılması məqsədilə həmin texnikaların gücündən istifadə edilir.