Milan Layçak: Vişeqrad ölkələrinin Azərbaycanla əməkdaşlıq üçün ümumi əsasları var
Bakı, 22 iyun, AZƏRTAC
Vişeqrad ölkələrinin Azərbaycanla əməkdaşlıq üçün çoxlu ümumi əsasları var. Rusiya-Ukrayna müharibəsindən sonra Avropada baş verən son proseslərə nəzər salsaq, inflyasiya, enerji və ərzaq böhranı müşahidə etmək olar. Avropa İttifaqı enerji mənbələrinin şaxələndirilməsini üçün yollar axtarmaq qərarına gəldi və Azərbaycan bu istiqamətdə son dərəcə vacib aktordur. Çünki Azərbaycan qaz və neft ölkəsidir, Avropa İttifaqı ölkələri ilə əməkdaşlığa müsbət yanaşır. Məsələ burasındadır ki, Azərbaycandan Avropa İttifaqına gedən marşrutlar bizim istədiyimiz qədər qazı çatdırmaq üçün kifayət qədər böyük deyil. Hazırda qaz kəmərlərinin genişləndirilməsinə sərmayə yatırmaq üçün maraqlı tərəfləri bir araya toplamaq, həmçinin ötürülmə həcminin genişləndirilməsi ilə bağlı müzakirələr gedir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Vişeqrad qrupu ölkələri, Azərbaycan və ya Cənubi Qafqaz regionu çoxsaylı qlobal böhranlardan təsirlənir. Biz hələ də qlobal təzyiqlərdən qaynaqlanan problemlərlə üzləşirik. Beləliklə, “Vişeqrad qrupu ölkələri və Azərbaycan” adlı seminar fikir mübadiləsinin necə aparılacağını modelləşdirmək üçün əla vasitədir.
“Seminarda Sənaye İnqilabı üçün süni zəka dəyişikliyi ilə bağlı texnologiya üzrə mövzulara toxunulub. Bu, həyatımızın hər bir sahəsinə təsir edəcək amildir”, - deyə Milan Layçak qeyd edib.