Milli Kitabxana “General Əliağa Şıxlinski” adlı virtual sərgini onlayn rejimdə istifadəçilərə təqdim edib
Bakı, 23 aprel, AZƏRTAC
XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi general Əliağa Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərib, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr verib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan general-leytenant Əliağa Şıxlinskinin 155 illiyi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən təqdim olunan virtual sərgidə http://anl.az/el/vsb/Eliaga_Shixlinski/index.html generalın həyat və fəaliyyətini əks etdirən fotolar, kitab, məqalə və digər sənədlərin elektron versiyaları təqdim olunur. Virtual sərgidəki elektron resurslar tam mətni ilə verilib.
Əlli ildən çox nizami orduda qüsursuz xidmət edən Əliağa Şıxlinski həmişə birincilər sırasında olmuşdur. O, 5 müharibənin şahidi, dördüncünün iştirakçısı idi: 1900-1901-ci illərdə Çin hərbi yürüşündə, 1904-1905-ci illərdə Port-Artur, 1914-cü il dünya müharibəsində, 1918-1920-ci illərdə isə torpaqlarımızın bütövlüyü uğrunda erməni daşnaklarına qarşı döyüşüb. Böyük Vətən müharibəsi illərində də general fəaliyyətini dayandırmamışdı. O, “Xatirələrim” kimi qiymətli hərbi memuarını diktə edib yazdırmışdı. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır.
O, yeganə azərbaycanlıdır ki, ilk dəfə Fransanın generallara məxsus fəxri “Legion ordeni” və zabitlərə verilən “Legion xaçı” ilə təltif edilib.
Fitri istedada malik olan tam artilleriya generalı Əliağa Şıxlinski bütün varlığı ilə sevdiyi Azərbaycan xalqına ömrünün sonunadək sədaqətlə xidmət edib.