MİLLİ MƏCLİS NAXÇIVAN MR KONSTİTUSİYASINA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR ETMİŞDİR
Parlamentin sədri Oqtay Əsədov, əvvəlcə, Prezident İlham Əliyevi deputatlar adından və öz adından 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.
Sonra Milli Məclis sədrinin müavini Bahar Muradova Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciətini oxumuşdur.
Müraciət təsdiq edildikdən sonra Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilmişdir. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov demişdir ki, əlavə və dəyişikliklərdə muxtar respublikanın Ali Məclisinə ali vəzifəli şəxsin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilini seçmək səlahiyyəti verilir. Müvəkkil və onun Aparatı tam müstəqil olacaqdır.
Sonra iclasda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Vətəndaşların pensiya təminatı haqqında”, “Polis haqqında” qanunlara, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilmişdir.
Qeyd olunmuşdur ki, əlavə və dəyişikliklər ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasına, qanunvericilik bazasının möhkəmlənməsinə xidmət edir.
Günün ikinci yarısında “Əmək pensiyaları haqqında” və “Dövlət sosial müavinətləri haqqında” qanun layihələri birinci oxunuşda müzakirə olunmuşdur.
Parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli demişdir ki, son illər Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ilə əlaqədar bir sıra sahələrdə, eləcə də pensiya və müavinətlərin verilməsi sahəsində islahatların aparılması zərurəti yaranmışdır. Bu islahatların qanunvericilik bazasının yaradılması məqsədi ilə yeni qanun layihələri hazırlanmışdır. Bu qanunlar vətəndaşların pensiya təminatı sistemində inqilabi dəyişikliklər nəzərdə tutur.
Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov birinci məsələ ilə bağlı məlumat verərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyasının təsdiq edilməsi haqqında Sərəncamına əsasən, ölkədə pensiya islahatları 4 il ərzində başa çatdırılmalı və yeni pensiya sistemi 2006-cı il yanvar ayının 1-dən fəaliyyətə başlamalıdır. Həmin sistemdə pensiyaların məbləğinin sığortanın davamiyyətindən və sığorta haqqının miqdarından asılı olması, pensiyanın miqdarı və vətəndaşın pensiya hüququnun müəyyən edildiyi vaxt sığorta haqqının ödənilməsi ilə bağlı olmayan dövrlərin nəzərə alınmaması, dövlət sosial sığorta sistemində vaxtından tez pensiyaya çıxdıqda güzəştlərin son dərəcə məhdudlaşdırılması əsas prinsipial tələb kimi göstərilir. Yeni sistemin tətbiqi ilə əlaqədar sosial sığorta sistemi də təkmilləşdiriləcəkdir.
Yeni qanunda bu və digər prinsipial məsələlər öz həllini tapmışdır. Ümumiyyətlə, bu qanunda Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təyinatı sistemi müəyyən edilir.
“Dövlət sosial müavinətləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilmişdir ki, bu qanun sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edəcək, bu sahədə yaranan digər münasibətləri tənzimləyəcəkdir.
Layihələr ətrafında geniş fikir mübadiləsi aparılmış, ortaya çıxan suallara aydınlıq gətirilmişdir.
Sonra hər iki layihə səsə qoyularaq, əsas kimi, birinci oxunuşda qəbul olunmuşdur.
Bununla da üçüncü çağırış Milli Məclis payız sessiyasında öz işini başa çatdırmışdır. Milli Məclisin sədri Oqtay Əsədov deputatlara uğurlar arzulamışdır. Azərbaycanın Dövlət himni səsləndirilmişdir.