MİLLİ MƏCLİS SƏDRİNİN BİRİNCİ MÜAVİNİ GÜRCÜSTANDAKI GÖRÜŞLƏRİNDƏ SOYDAŞLARIMIZIN PROBLEMLƏRİNƏ DƏ TOXUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tbilisidə səfərdə olan Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Gürcüstan rəsmiləri ilə keçirdiyi görüşlərdə soydaşlarımızın problemlərinə də diqqət yetirildiyini bildirmişdir.
Z.Əsgərov demişdir ki, Gürcüstan-Azərbaycan sərhədində süni maneələr yaradılması, əkinə yararlı torpaq sahələrinin paylanması zamanı yol verilən ayrı-seçkilik, milli kadrların vəzifələrə irəli çəkilməməsi, cinayət işlərinin açılmasının ləngidilməsi və s. məsələləri Gürcüstan iqtidarı nümayəndələrinin nəzərinə çatdırdıq. Onlar deyilən problemlərin olduğunu etiraf etmiş, bunların aradan qaldırılması istiqamətində tədbirlər görüldüyünü bildirmişlər.