SİYASƏT
Milli Məclisdə Azərbaycan və İsrail parlamentlərarası dostluq qruplarının görüşü olub
![Milli Məclisdə Azərbaycan və İsrail parlamentlərarası dostluq qruplarının görüşü olub](/files/2023/3/1200x630/1693829604972733037_1200x630.jpg)
Bakı, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov və qrupun üzvləri ölkəmizdə səfərdə olan İsrail-Azərbaycan parlament dostluq qrupunun üzvü Yevgeni Sovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Anatoliy Rafailov Azərbaycanla İsrailin dost dövlətlər olduğunu, iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, 44 günlük Vətən müharibəsi zamanı İsrailin dəstəyini yüksək dəyərləndirib.
Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələr dərin tarixi köklərə malikdir. Yəhudi xalqının nümayəndələri Azərbaycanda, azərbaycanlılar isə İsraildə uzun illərdir mehriban dostluq şəraitində yaşayır və ictimai-siyasi həyatda fəal iştirak edirlər.
Görüşdə parlamentlər səviyyəsində əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən işçi qruplarının fəaliyyəti, İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi diqqətə çatdırılıb.
İsrail-Azərbaycan parlament dostluq qrupunun üzvü Yevgeni Sova dövlətlərimiz və xalqlarımız arasında olan dostluq münasibətlərinin məmnunluq doğurduğunu qeyd edib, ölkəsinin müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin, iqtisadi münasibətlərin inkişaf perspektivləri barədə danışılıb.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.