Milli Məclisdə Azərbaycanın-Braziliya əlaqələrinin perspektivləri müzakirə edilmişdir
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də Milli Məclisin sədri Oqtay Əsədov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Braziliya Federativ Respublikasının parlamentinin deputatı, Braziliya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Klaudio Kajado ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, qonağı ikinci dəfə Azərbaycanda görməkdən məmnunluğunu bildirən O. Əsədov, rəsmi Bakının Braziliya ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu demişdir. Bildirmişdir ki, hazırda iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Üç il əvvəl dövlətlərimiz arasında ticarət dövriyyəsi 183 milyon dollar həcmində olduğunu xatırladan Milli Məclisin sədri cari ildə iki ölkənin ticarət dövriyyəsinin həcminin 16 faiz artdığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, lakin bununla kifayətlənmək olmaz. Ölkələrimiz arasında əlaqələrin daha da irəliyə aparılması üçün böyük potensial vardır. Bu potensialdan səmərəli istifadə hər iki dövlətin milli maraqları üçün faydalı olar.
Bildirilmişdir ki, iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə iş adamlarının və biznes strukturlarının qarşılıqlı səfərlərini təşkil etmək vacibdir.
Milli Məclisin sədri Braziliya-Azərbaycan parlamentlərarası işçi qrupunun yaradılmasını yüksək qiymətləndirmiş, bu quruma fəaliyyətində uğurlar arzulamışdır.
Səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Klaudio Kajado Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdırmış, bu mötəbər tədbirdə müzakirə olunan məsələlərin aktual xarakter daşıdığını bildirmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanın iqtisadi inkişafı özünü qabarıq şəkildə büruzə verməkdədir. Bu inkişaf ölkənin siyasi müstəqilliyinin qarantı olmuşdur. Cari ilin əvvəlində Azərbaycana etdiyi səfərdən məmnun qaldığını və ötən müddət ərzində Bakının daha da gözəlləşdiyini deyən qonaq, ölkələrimiz arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə çatdırılması üçün səylə çalışacağını bildirmişdir.