MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Fevralın 27-də Milli Məclisin sədri Murtuz Ələsgərov Ukrayna Ali Radasının sədri Vladimir Litvin və ölkəmizə rəsmi səfərdə onu müşayiət edən şəxsləri qəbul etmişdir.Qonaqları səmimi salamlayan Milli Məclisin sədri bildirdi ki, Azərbaycanla Ukrayna arasında qədim tarixə malik dostluq əlaqələri hər iki ölkə müstəqillik əldə etdikdən sonra yeni müstəvidə inkişaf etməyə başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Prezident Heydər Əliyevin və Ukrayna Prezidenti Leonid Kuçmanın qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər əməkdaşlığın inkişafında yeni səhifə açmış, əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.Murtuz Ələsgərov parlamentlərarası əlaqələrdən danışaraq dedi ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Beynəlxalq təşkilatlarda deputatlarımız əksər məsələlərdə eyni mövqedən çıxış edirlər. Yaxın vaxtlarda GUÖAM–ın Parlament Assambleyasının yaradılması bu quruma daxil olan ölkələr arasında əlaqələrin daha da inkişafına kömək edəcəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün ağır nəticələrindən bəhs edən Milli Məclisin sədri bildirdi ki, Azərbaycan bu münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdardır. Amma Ermənistan təcavüzkar siyasətindən əl çəkmir və bu səbəbdən problemin həlli uzanır. Milli Məclisin sədri dedi ki, Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyinə görə biz Ukrayna dövlətinə və hökumətinə minnətdarıq və ümidvarıq ki, dost ölkənin bu mövqeyi dəyişməz qalacaqdır. Ali Radanın sədri Vladimir Litvin səmimi qəbula görə minnətdarlıq edərək, bildirdi ki, Ukrayna Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 80 sənəd imzalanmışdır. Ötən il qarşılıqlı ticarət dövriyyəsi 150 milyon dollar olmuşdur. Amma bunu artırmaq üçün potensial imkanlar vardır. GUÖAM-ın Parlament Assambleyasının yaradılması təklifini Ukraynanın dəstəklədiyini vurğulayan qonaq bu ilin yazında üzv dövlətlərin parlament rəhbərlərinin Kiyevdə keçiriləcək görüşündə qurumun Nizamnaməsinin müzakirə ediləcəyini və çox güman ki, müəyyən sənəd imzalanacağını söylədi. Vladimir Litvin daha sonra dedi ki, rəsmi Kiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də öz töhfəsini verə, yəni danışıqlarda vasitəçi ola, görüşlər üçün yer təklif edə bilər. Azərbaycanda yaşayan ukraynalılara yaradılan şəraitə görə minnətdarlığını bildirən Ukrayna Ali Radasının sədri dedi ki, Ukraynadakı azərbaycanlılar da özlərini öz vətənlərindəki kimi hiss edirlər. O xatırlatdı ki, bu günlərdə Ukraynada keçirilən gözəllik müsabiqəsinin münsiflər heyəti Dnepropetrovskda təhsil alan azərbaycanlı tələbə qızı qalib elan etmişdir. Görüşdə Milli Məclisi sədrinin birinci müavini Arif Rəhimzadə, sədr müavinləri Ziyafət Əsgərov, Gövhər Baxşəliyeva, Aparatın rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyev, Ukraynanın Bakıdakı səfiri Boris Aleksenko və digər rəsmi şəxslər iştirak edirdilər. X X X Görüşdən sonra parlament sədrləri mətbuat konfransı keçirərək, jurnalistləri maraqlandıran suallara cavab verdilər. Mətbuat konfransının sonunda Vladimir Litvin bildirdi ki, Azərbaycanla Ukrayna arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin sədri Murtuz Ələsgərova Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru adı verilmişdi. Ali Radanın sədri fəxri doktor diplomunu azərbaycanlı həmkarına təqdim etdi. Murtuz Ələsgərov Ukrayna Ali Radasının sədri Vladimir Litvinin Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görüldüyünü, fevralın 28-də universitetdə diplomun təqdim ediləcəyini bildirdi. Sonra qonaqlar Milli Məclisin foyesində xatirə şəkli çəkdirdilər, parlamentin iclas salonu ilə tanış oldular.