MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ziyafət Əsgərov qonaqlara Azərbaycanla Almaniya arasında mövcud iqtisadi, siyasi, mədəni əlaqələr barədə ətraflı məlumat vermişdir. O demişdir ki, Milli Məclis Almaniya Bundestaqı və digər siyasi institutları ilə sıx əməkdaşlıq edir. Qarşılıqlı səfərlər, beynəlxalq tədbirlərdə keçirilən ikitərəfli görüşlər zamanı əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılır.
Parlamentin qanunvericilik sahəsində gördüyü işlər barəsində danışan komissiya sədri bildirmişdir ki, müdafiə və milli təhlükəsizliklə bağlı yeni qanunlar hazırlanır. Milli Məclisin yaz sessiyasında “Milli təhlükəsizlik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” qanunlar qəbul olunacaqdır. Ölkədə insan haqlarının qorunması və demokratiyanın inkişafı üçün isə bir sıra mühüm qanunlar qəbul edilmişdir. Bunun nəticəsidir ki, Azərbaycanda demokratiya yolunda böyük uğurlar qazanılmışdır. Amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər öz ədalətli həllini tapmaması ölkəmizin qarşısında ciddi maneə yaradır. Bəzi beynəlxalq təşkilatlar artıq Ermənistanı təcavüzkar dövlət kimi tanıyır.
Səmimi qəbul və ətraflı məlumata görə minnətdarlığını bildirən Vilhelm German ölkələrimiz arasında əlaqələrin inkişafından razılığını bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq demişdir ki, məsələnin həllinin uzanması təkcə Azərbaycan üçün deyil, region üçün də ciddi problemlər yaradır. Münaqişənin uzun müddətdir ki, həllini tapmaması Avropanın məsələyə yetərincə yanaşmaması ilə bağlıdır.
O demişdir: “Niyə Avropa Kosova məsələsinin həllinə dərhal müdaxilə etdi. Lakin Dağlıq Qarabağ problemi 15 ildir ki, həll olunmur.”
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.