MİLLİ MƏCLİSİN DAİMİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” qanun layihələri müzakirə olunmuşdur.
Komissiyanın sədri, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov demişdir ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Vətəndaşların pensiya təminatı haqqında”, “Sərhəd Qoşunları haqqında”, “Daxili Qoşunların statusu haqqında” və 1995-ci ilə qədər qəbul olunmuş daha bir neçə qanunu Konstitusiyanın və Cinayət Prosessual Məcəllənin tələbinə cavab vermir. Ona görə də Prezident qanunvericilik təşəbbüsü ilə həmin qanunlara əlavələrin və dəyişikliklərin edilməsi ilə bağlı yeni qanun layihələrini Milli Məclisə göndərmişdir.
“Hərbi qulluqçuların statusu haqqında” qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklikdə deyilir ki, hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş qaydada həbs edilə bilər, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələri nizamnamələrinin tələblərinə uyğun olaraq hərbi hissə komandiri (rəisi) tərəfindən intizam qaydasında həbs edilə bilər. 31-ci maddəyə edilən dəyişiklikdə isə deyilir ki, hərbi qulluqçular barəsində cinayət mühakimə icraatı cinayət prosessual qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.
“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinə edilən dəyişiklikdə isə “bəraət verilmiş vətəndaşların həbsdə olmaq vaxtı, azadlıqdan məhrum olunmaq və ya sürgün yerlərində olmaq vaxtı-üçqat ölçüdə” sözləri çıxarılır.
“Sərhəd Qoşunları haqqında” və “Daxili Qoşunların statusu haqqında” qanunlara edilən əlavələrlə sərhəd qoşunlarında və daxili qoşunlarda xidmət edən hərbi qulluqçulara bəzi əlavə səlahiyyətlər verilir.
Digər layihələrə edilən əlavə və dəyişikliklərin əksəriyyəti redaktə xarakteri daşıyır.
Müzakirələrin sonunda layihələrin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.